Hacıqabulda müəmma: dayı ölən bacısının qızından şübhələnir, ata heç nə bilmir
Hacıqabulda müəmmalı hadisə qeydə alınıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 5-də Hacıqabul rayonu Meyniman kənd sakini, 1964-cü il təvəllüdlü Təranə Ağasəlim qızı Babayeva axşam saatlarında dünyasını dəyişib.
Qadının xəstəlikdən və ya döyülərək öldüyü barədə qohumlar arasında mübahisə yaranıb. Mərhumun qardaşı Günəş Həsənov qətldə bacısı qızını günahlandırır: “Bacım 15 ildir ki, yoldaşından ayrılıb. 6 yaşında körpə uşaqla onu evdən atıb, heç nə də verməyib. Ata yurdunda bacıma yer verdik, mal-qara aldıq ki, heç kimə ehtiyacı olmasın. Uşaq böyüdü məktəbi qurtardı. Son bir-iki ildir düşüb anasının üstünə onu döyür, incidir. Dəfələrlə polislərə müraciət edilib, araşdırma aparılıb. Sual edirik ki, niyə ananı döyürsən. Deyir ki, atam mənə deyib ki, ananı öldürməsən sənə sahib çıxmayacağam”.
Mərhumun qızı 24 yaşlı Səadət Ağacanlı isə tam əksini söyləyir: “Anam bir il ildir ki, xəstə idi. İlin əvvəlində vəziyyəti pis idi, müalicə olundu sağaldı. 3 ay olardı ki, dayımın evində qalırdı, məni də anamla görüşməyə qoymurdu. Dayım mənə pis münasibət göstərirdi, məni hədələyirdi. Məqsədi də mənə məxsus əmlakı əlimdən almaq olub. Anamla aramızda münaqişəmiz olmayıb. Dayım Maştağadakı həkimə deyib ki, o qız bu kəndə gəlməsin, gəlsə, anasını öldürtdürüb balasını tutduracağam. Anamla görüşməyimə icazə vermirdi, deyirdi qız bu kəndə gəlməsin. Anama da kənddə hədə-qorxu gəlirdilər ki, mənimlə görüşməsin”.
Mərhumun keçmiş həyat yoldaşı Səxavət Ağacanov isə bir müddətdir ölkədə yaşamadığını deyir: “Mən respublikada yox idim. O ailə ilə də 20 ilə yaxındır ki, əlaqəm yoxdur. Təzə gəlmişdim, qardaşım bildirdi ki, Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasından həkim bildirib ki, sizin uşaq bizim xəstəxanadadır, amma o, sağlamdır. Getdim, 2 gün orda qalmışdı, götürüb evə gətirdim. Qız da bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib".
Hüquq-mühafizə orqanlarından isə ölümün xəstəlikdən və ya döyülmədən baş verdiyini yalnız ekspertizanın rəyindən sonra aydın olacağını bildiriblər. Qadının meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə müayinə edilib.
Hadisə ilə əlaqədar heç kim saxlanılmayıb. Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər