ABŞ rusları qabaqladı, Rəqqaya hücum başladı: Türkiyə ofsaydda

Suriyada İŞİD terror təşkilatının "paytaxt"ı sayılan Raqqa şəhərinin azad edilməsi əməliyyatı başlayıb.

 

APA TV-nin məlumatına görə, Suriya Demokratik Güclərinin (SDG) başladığı əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava dəstəyi verəcək.

 

Suriya Demokratik Güclərinin özəyini PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edir. Əməliyyata 30 min SDG silahlısının qatıldığı açıqlanıb.

 

PKK-nın qanadı olan PYD/YPG bunu Türkiyənin "Fərat qalxanı" əməliyyatına qarşılıq olaraq "Fəratın qəzəbi" kimi dəyərləndirir. PYD-dən Türkiyənin bu əməliyyata qatılmayacağı barədə ABŞ-la konkret razılaşma əldə olunduğu vurğulanıb.


ABŞ komandanlığı başlanılan əməliyyatın çox çətin keçəcəyini bildirib və uğur əldə ediləcəyi təqdirdə, bunu İŞİD-in sonu kimi dəyərləndirib.


Xatırladaq ki, bir müddət öncə Rəcəb Tayyib Ərdoğanla Barak Obama arasında baş tutan telefon danışığında Rəqqanın birlikdə təmizlənməsi üçün danışıq olub. Türkiyə prezidenti bu əməliyyatda PKK-nın qanadı olan PYD-nin iştirakını qəti şəkildə qəbul etməyəcəklərini bildirib.

Qeyd edək ki, Rəqqa 2011-ci ildən İŞİD-in nəzarətindədir və terror qruplaşması bu şəhəri özünün "paytaxt"ı elan edib. Başqa bir maraqlı detal isə İŞİD-in 2 ildir ələ keçirdiyi İraqın Mosul şəhərinə hücumla Rəqqa əməliyyatının təxminən eyni vaxta düşməsidir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR