Göyçayda XI nar bayramı keçirilib

Göyçayda XI nar bayramı keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, 15 minə yaxın insanın iştirak etdiyi tədbirdən əvvəl iştirakçılar Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstəsi qoyublar.

 

Göyçay şəhər stadionunda keçirilən tədbirdə narla bağlı müxtəlif yarış və müsabiqələr, yarmarkalar təşkili olunub. Nar bayramının iştirakçılarına yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayramı daha da yadda qalan edib.

 

Narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq nəticəsində və havaların əlverişli keçməsi bağlarda bol məhsulun yetişməsinə səbəb olub. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min 500 tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 47 min 200 ton nar tədarük ediblər. Hər il məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib. Nar emalı müəssisələri isə ilbəil imkanlarını genişləndirirlər, daha çox nar şirəsi istehsal edərək xarici ölkələrə ixrac edirlər. “AzNar” QSC-nin şirə emalı zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Hazırda rayonda 3970 hektardan artıq sahədə nar bağı var.

 

Yerli və xarici qonaqlar tədbirin keçirildiyi Göyçay şəhər stadionunda hazırlanan sərgi masalarına yaxınlaşaraq isti təndir çörəyinin, müxtəlif sortdan olan narların və onlardan hazırlanan məhsulların, eləcə də, pendirin, yuxa, kətə, kabab və döşəməli plovun, müxtəlif şirniyyatıların dadına baxıblar. Tədbir iştirakçılarına bayram münasibətilə hazırlanan milli xörəklər də təqdim olunub.

 

Elvin Yaqubov-APA TV. Göyçay

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR