Türkiyə ordusunun zabiti Suriyada şəhid edildi

Türkiyə ordusunun həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 74-cü günündə bir türk zabiti şəhid olub, üç nəfər yaralanıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı xəbər yayıb.

 

Rəsmi məlumatlarda həmçinin müxalifət qüvvələrindən beş nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı açıqlanıb.

 

Baş qərargah ötən gün həyata keçirilən əməliyyatlarda Aktarin bölgəsinin cənubunda yerləşən Ablah və Düvayir bölgələrinin nəzarətə götürüldüyünü bildirib.

 

Ümumilikdə isə hərakatın başlandığı vaxtdan keçən müddət ərzində 365 kilometrlik ərazinin nəzarət altına alındığı, İŞİD terrorçularının gizləndiyi 71 hədəfə zərbələrin endirildiyi qeyd olunub.

 

Bundan əlavə əməliyyatların ilk günündən Şudud və Bulaykah bölgələrində müəyyənləşdirilən İŞİD hədəflərinə hava hücumları zamanı səkkiz təşkilat üzvünün məhv edildiyi, terrorçuların gizləndiyi 3 binanın aviazərbələr nəticəsində dağıdıldığı təsdiqlənib.

 

Eyni zamanda İŞİD-dən təmizlənən bölgələrdə terrorçuların quraşdırdığı 36 mina və kustar üsulla hazırlanmış 1418 partlayıcı maddə zərərsizləşdirilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR