"WikiLeaks"in təsisçisi: "Tramp qalib gələ bilməyəcək"

WikiLeaks saytının təsisçisi Culian Assanj hesab edir ki, Donald Tramp seçkilərdə qalib gələ bilməyəcək. APA TV-nin məlumatına görə, o öz fikirlərini siyasi isteblişmentin tam şəkildə Hillari Klintonun tərəfində olması ilə əsaslandırıb. "Trampa qalib gəlməyə imkan verməyəcəklər. Mən niyə belə deyirəm? Çünki yevangelistlərdən başqa isteblişmentin heç bir qrupu onun tərəfində deyil".

 

Assanjın fikrincə, demokratların prezidentliyə namizədi daha yaxşı dəstəyə sahibdir: "Banklar, kəşfiyyat, hərbi şirkətlər, xarici investorlar Klintonun ətrafında birləşib. O cümlədən media, media patronları, jurnalistlər Klintonu dəstəkləyir".

 

Xatırladaq ki, ötən ay Assanj prezident seçkilərinə bir həftə qalmış məxfi materiallar dərc edəcəyini bildirmişdi. Nəticədə WikiLeaks Klintonun seçki qərargahının rəhbəri Con Podestanın elektron yazışmalarının 18 hissəsini öz saytında yayımlamışdı.   

 

Bundan əvvəl isə WikiLeaks Klintonla Demokrat Partiyasının Milli Komitəsi arasında yazışmaları üzə çıxarmış, bu yazışmalarda demokratların sabiq namizəd Berni Sandersə qarşı plan qurduğu ortalığa çıxmışdı. Komitənin rəhbəri istefa verdikdən sonra demokratlar məxfi sənədlərin yayımlanmasına görə Rusiyanı ittiham etmişdilər. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR