Neftə dair proqnozlar özünü doğrultdu, qiymətlər 45 dollara endi

Neftin qiymətinə dair həftəlik proqnozlar özünü doğruldub. Dünən axşam saatlarında birjalarda "Brent" markalı neftin bir barelinin qiyməti 45,17 dollara enib. Həftənin son hərracında isə bu markadan olan neft 45,56 dollara satılıb. Qərbi Texas nefti də son ayların antirekordunu yeniləyib. Dünən Bakı vaxtı ilə saat 19.00-da keçirilən hərraclarda WTİ neftinin qiyməti 43,68 dollaradək enib, son seansda isə qiymət 44,11 dollar olub.

 

Neftin qiymətinin sürətlə ucuzlaşmasına "Reuters" agentliyinin OPEK ekspertlərinin texniki görüşünün iştirakçılarına istinadən yaydığı xəbər səbəb olub. Ekspertlərdən biri bildirib ki, Vyanada ötən həftə keçirilən görüşdə Səudiyyə tərəfi kəskin bəyanat verib. Səudiyyəlilər bildiriblər ki, İran hasilatı azaltmaq proqramına qoşulmasalar, Ər-Riyad gündəlik hasilatı maksimum səviyyəyə çatdıracaq. Bu isə onsuz da təklifin tələbi üstələdiyi bazara əlavə həcmdə neft çıxarılacağı deməkdir. ABŞ-ın neft ehtiyatlarının artması fonunda verilmiş bu bəyanat avtomatik olaraq neftin ucuzlaşmasına səbəb olub. Treyderlər ucuzlaşma prosesinin gələn həftə də davam edəcəyini düşünürlər. Hələlik neftin qiymətinə dair proqnozların sayı az olsa da, bu sektorda təhlil aparan analitiklərin ümumi rəyinə görə, qiymətlər gələn həftə 43-45 dollar arasında dəyişəcək.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR