Metroda cibgirliklə məşğul olan keçmiş məhkum tutuldu

Bakı şəhər sakini Şəbnəm Babayeva oktyabrın 28-də metronun “Nizami” stansiyasında olan zaman gödəkçəsinin yan cibindən mobil telefonunun oğurlanması barədə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.

 

APA TV-nin məlumatına görə, Metropoliten Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə dəfələrlə məhkum olunmuş Anar Hüseynov tutulub.

 

Metropoliten Polis Şöbəsinin rəis müavini Aleksandr İsmayılovun sözlərinə görə, bu şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun metro stansiyalarında törətdiyi digər cibgirlik cinayətlərinin də üstü açılıb: “30.09.2016-cı il tarixində metroda vətəndaş Abbasova Zairə Qiyas qızının əl çantasından içində 300 manat və 200 ABŞ dollar olan pul kisəsi və 08.10.2016-cı il tarixində metroda Mürsəlli Aysel Yaşar qızının əl çantasından “Samsung” markalı mobil telefon oğurlanıb”.

 

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları A.Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Metropolitendə Polis Şöbəsinə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR