Astara sakinini tok vurdu

Astarada göldən balıq tutmaq istəyən şəxsin tilovu yüksək gərginlikli elektrik xəttinə ilişib. Hadisə nəticəsində balıqçının bədən hissəsinin 60%-i yanıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, bədbəxt hadisə bu gün saat 12:00 radələrində rayonun Şiyəkəran kəndi ərazisində baş verib.

 

49 yaşlı kənd sakini Rahim Baldadaş oğlu İmanov atasından miras qalan göldə tilovla balıq tutmağa gedib. Rahim gölə tilov atmaq istəyərkən qarmağın ucu həmin ərazidən keçən yüksək gərginlikli 10 min voltluq elektrik xəttinin üzərinə düşüb. Nəticədə elektrik cərəyanı vuran Rahim İmanov huşunu itirərək yerə yıxılıb. Yaxınları dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. İlkin müayinə zamanı zərərçəkmişin bədən hissəsinin 60%-nin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri aldığı məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rahim İmanova zəruri ilkin tibbi yardım göstərilib.

 

Lakin göstərilən yardımların səmərəsiz olduğunu və xəstənin vəziyyətinin getdikcə ağırlaşdığını görən həkimlər onun Bakı şəhərindəki yanıq mərkəzinə yola salınması qərarına gəliblər.

 

Faktla bağlı  araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR