Balakəndə “ABAD Xidmət” layihəsinin təqdimatı olub

Balakəndə ARDNŞ prezidenti Rövnəq Abdullayev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimovun iştirakı ilə rayonda “ABAD Xidmət” layihəsinin təqdimatı olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbirdən öncə Balakən rayonunda olan kiçik ailə biznesi nümunələrinin sərgisinə baxış keçirilib.

 

Təqdimat mərasimində çıxış edən İnam Kərimov ölkə prezidentinin tapşırığı ilə əhalinin sosial inkişafı və məşğulluğun artırılması məqsədilə yeni yaradılacaq xidmət mərkəzində kiçik ailə bizneslərinin inkişafına veriləcək dəstəyin mahiyyətini rayon ictimaiyyətinə açıqlayıb. O, ailələrə istehsal prosesində dizayn, qablaşdırma və əldə olunan hazır məhsulun satışında göstəriləcək yardımlardan danışıb. “ABAD Xidmət” təkcə kənd təsərrüfatı məhsullarını deyil, eyni zamanda sənətkarların əl işlərini də əhatə edəcək. Satışa çıxarılan məhsulun keyfiyyətinə nəzarət olunacaq. Bu xidmət çərçivəsində ailələrin daha çox qazanc əldə etməsi üçün şərait yaradılması ilə yanaşı, sahibkarlar Standartlaşdırma və  Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq, keyfiyyət, baytarlıq və sair sertifikatlarla təmin ediləcək.

 

Sonda biznes sahiblərini maraqlandıran suallara ətraflı cavab verilib. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR