Binəli Yıldırım: "Diyarbəkirdə 8 nəfər ölüb, 100-dən çox yaralı var"

PKK terror təşkilatı Türkiyənin Diyarbəkir vilayətində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. APA TV-nin məlumatına görə, bu açıqlama Diyarbəkir Valiliyindən verilib.

 

Bu arada Türkiyənin baş naziri Binəli Yıldırım da baş verən hadisə ilə bağlı mətbuata danışıb. Baş nazir Diyarbəkirin Bağlar bölgəsində  partlayıcı qurğu yerləşdirilmiş avtomobilin terrorla mübarizə və çevik polis alayının yerləşdiyi binanın girişində partladılması nəticəsində 8 nəfərin öldüyünü, ölənlərdən 2 nəfərin polis, 6 nəfərin mülki şəxs olduğunu deyib. 100-dən çox insan yaralanıb. Onlardan 93 nəfəri ilkin yardımdan sonra evə göndərilib, digərlərinin isə vəziyyəti ağır olaraq qalır.

 

Binəli Yıldırım hazırda bu qanlı hadisənin son dərəcə diqqətlə araşdırıldığını və təqsirkarların qısa zamanda müəyyən edilərək, cəzalandırılacağını bildirib.

 

O, həmçinin HDP-nin həmsədri Səlahəddin Dəmirtaş və partiya üzvü olan bir qrup millət vəkilinin həbsinə, CHP liderinin bu həbslərə etirazına da münasibət bildirib: "Seçki ilə gələn seçki ilə getməlidir. Buna kimsənin etirazı ola bilməz. Amma seçki ilə gəlib, terrorla əməkdaşlıq edənlər əlbəttə ki, bunun hesabını verməlidir. Burada işi bir-birinə qarışdırmamaq lazımdır. Əgər Kılıçdaroğlu prokurorluğun bugünkü həbslərini nəzərdə tutursa, bilməlidir ki, terrorla siyasəti və milli iradəni bir-birinə qarışdırmaq olmaz".

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR