Lənkəranda İsveçrə keçiləri yetişdirilir - REPORTAJ
Lənkəranda ilk keçi təsərrüfatı yaradılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Separadi kənd sakini Ruhulla Axundzadənin yaratdığı bu təsərrüfat inkişaf edərək gündən-günə böyüyür.
Onun sözlərinə görə, yetişdirdiyi İsveçrə cinsli “Saanen” keçilərini 4 il öncə Ağcabədi rayonundan lizinq yolu ilə əldə edib. Cəmi bir neçə başdan ibarət olan keçilərin sayı bu gün 100-ü ötüb. “Saanen” keçiləri məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malikdir. Bir sıra xüsusiyyətləri ilə yerli keçilərdən xeyli dərəcədə fərqlənir. Belə ki, hər 5 aydan bir bala vermə qabiliyyətinə məxsus olan bu keçilər gündə 3 dəfə sağılır və hər sağım zamanı 3 litrdən 9 litrədək süd verir: "Bunlar İsveçrə cinsli “Saanen” keçiləridir. Ağcabədi rayonundan əldə etmişik. Hər birinin qiyməti 800-dən 1200 manata qədərdir. Bu keçilər sırf südlük məqsədilə yetişdirilir. 4 il ərzində onların müəyyən çətinlikləri də olub. Amma bu gün yerli iqlim şəraitinə tam uyğunlaşıblar".
Ruhulla Axundzadənin qənaətincə, tərkibinə görə ana südünə yaxın olan “Saanen” keçilərinin südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riskinin olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti bu cins keçilərin südünün əsas üstünlüklərindən sayılır.
Fermer bildirir ki, qiymətinin yüksək olmasına baxmayaraq, Azərbaycanın ayrı-ayrı bölgələrində “Saanen” keçilərinə maraq və tələbat yüksəkdir. Bakıdan, Naxçıvandan, respublikanın müxtəlif rayonlarından gələn fermerlər bu keçilərdən alaraq öz təsərrüfatlarını qurmağa çalışırlar: “Saanen” keçilərinin başqa növləri, başqa rənglərdə olanları da var. Amma birinci yerdə ağ rəngli keçilər durur. Artıq biz bunlardan istədiyimizi əldə edə bilmişik. Satışa buraxmışıq, gəlib aparırlar. Keçilərin sağlamlıq durumu barədə həkimlərin verdiyi sertifikat da var".
Ruhulla Axundzadənin sözlərinə görə, “Saanen” keçilərinin ən maraqlı xüsusiyyətlərindən biri öz sahibindən xüsusi qayğı, nəvaziş gözləməsidir. Özlərinə qarşı o qayğını görməyəndə isə keçilərin südvermə qabiliyyəti və çəkisi aşağı düşür: "Bu keçilər nəvazişi xoşlayırlar. Onlarla gərək xoş rəftar edəsən. Xoş rəftar görəndə onların südü də artır. Bunlara əlavə yem verilməlidir. Peyvəndləri vaxtlı-vaxtında vurulmalıdır. Bu keçiləri bəsləyən adam gərək vaxtının çoxunu bunlara sərf etsin".
Bu prinsiplərə əməl edən lənkəranlı fermer ailə üzvləri ilə birlikdə vaxtının xeyli hissəsini bəslədiyi keçilərə sərf edir. Artıq yerli şəraitə tam uyğunlaşan bu heyvanlar müxtəlif yemlər və vitaminlərlə qidalandırılır. Fermer gələcəkdə təsərrüfatındakı keçilərin sayını 250-300 başa çatdırmaq niyyətindədir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər