Yunanıstanda qızıla bərabər qələbə: PAOK - "Qarabağ" 0:1

Avroliqanın 2-ci dövrəsinin ilk oyununda Azərbaycan təmsilçisi "Qarabağ" Yunanıstanda PAOK-un qonağı olub. APA TV-nin məlumatına görə, görüşü Şotlandiyadan olan hakim briqadası idarə edib.

Bakıdan xalsız dönən ev sahibləri məğlubiyyətin əvəzini çıxmaq üçün ilk dəqiqələrdən hücuma atılmağa cəhd etsələr də Ağdam təmsilçisi müdafiədə diqqətli oyun nümayiş etdirib. 3-cü dəqiqədə Maksim Medvedyevlə yunan oyunçu arasında gərginlik yaşanıb. Yunanlar ilk təhlükəli vəziyyəti qapımızda 9-cu dəqiqədə yaradıblar. Bu epizodda "Qarabağ"ın bəxti gətirib. İrəliləyən dəqiqələrdə yerli klub ərazi üstünlüyünə yiyələnib. PAOK-un tətbiq etdiyi pressinq futbolçularımıza müdafiədən çıxmağa çətinlik törədib. 20-ci dəqiqədə yunan futbolçu Kaniasın reydi təhlükəli alınıb, müdafiəçimiz son anda topu onun ayaqları altından qapı xəttindən çıxarıb. 22-ci dəqiqədə Şehiç komandasını qoldan xilas edib. Mistakidisin zərbəsini qapıçı çətinliklə çıxarıb. Ardınca yunanların künc zərbəsi də qapımızda həyəcana səbəb olub. Ard-arda künc zərbələri qazanan ev sahibinin cəhdləri nəticəsiz qalıb. Yunanların üstünlüyü hissənin 25-ci dəqiqəsinə qədər davam edib. "Qarabağ" bu dəqiqədən sonra topu özündə saxlamağa müvəffəq olub və hücuma atılmağa baŞlayıb. PAOK isə bu dəqiqələrdə daha çox kobud oyunla yadda qalıb. 31-ci dəqiqədə isə "Qarabağ" ilk real qol vəziyyətini yaradıb. Lakin hakim futbolçumuzun oyundan kənar vəziyyətdə olduğunu göstərib. 34-cü dəqiqədə yunan futbolçu yaxşı mövqeyə çıxsa da zərbəsi Şehiçin qoruduğu çərçivədən xeyli aralı keçib. 37 və 38-ci dəqiqələrdə "Qarabağ"ın başladığı hücumlar nəticəsiz qalıb. İlk 45 dəqiqə qolsuz bərabərliklə sona çatıb.

İkinci hissə başlayan kimi "Qarabağ" hücuma atılıb. Aqollinin başladığı hücumu Kintana qolla tamamlaya bilməyib. Oyunun 55-ci dəqiqəsində Maksim Medvedyevlə rəqib futbolçu toqquşub və oyunda kiçik fasilə yaranıb. Qarşıdakı dəqiqələrdə yerli azarkeşlərin dəstəyi ilə üstünlüyü yenidən ələ alan yunanlar uğur əldə edə bilməyib. 69-cu dəqiqədə isə hesab açılıb. Cəmi 5 dəqiqə əvvəl oyuna girən Mitçel fərqlənib. Medvedevyevin ötürməsindən sonra Kintana komanda yoldaşını zərbə mövqeyinə çıxarıb. İspan yarımmüdafiəçi isə baxımlı qola imza atıb.


Hesabda geri düşdükdən sonra yunan komandası hücuma keçsə də "Qarabağ" diqqətli müdafiə olunub. Görüşün 74-cü dəqiqəsində zədələnən Dinonu isə Reynaldo əvəzləyib. 80-ci dəqiqədə Şehiç növbəti dəfə komandamızı qoldan xilas edib. 85-ci dəqiqədə Şehiçin inamsız oyunu "Qarabağ"a baha başa gələ bilərdi. Pereyranın qüvvətli zərbəsi qapıdan yan keçib. Son dəqiqələrdə müdafiəyə nəzarəti tamamilə itirən PAOK qapısında azı iki top görə bilərdi. Reynaldo bir epizodda əlverişli fürsəti əldən verib, digərində isə ötürməsini yunan müdafiəşi qapı xəttindən çıxarıb. Nəticədə "Qarabağ" oyunu qələbə ilə başa vurub. Ağdam təmsilçisi play-off mərhələsinə vəsiqə qazanmaq üçün şansını olduqca yaxşılaşdırıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR