Fransızlar Bakıdan 3 xalla dönür: "Qəbələ" - "Sent-Etyen" 1:2
Aroliqada 2-ci dövrənin ilk oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan təmsilçisi "Qəbələ" Bakıda Fransanın "Sent-Etyen" klubunu qəbul edib.
Fransadan olan referenin işarəsi ilə başlayan oyunun ilk dəqiqələri qonaqların üstünlüyü ilə keçib. Rəqib artıq birinci dəqiqədə təhlükəli vəziyyət yaradıb, lakin qapıçı Bezotosnıy inamlı oynayıb. "Qəbələ"nin qapıçısı 5-ci dəqiqədə də komandasını qoldan xilas edib. Bezatosnıy fransız futbolçunun uzaqdan zərbəsini zərərsizləşdirməyə nail olub. Getdikcə oyunda bərabərliyi təmin edən futbolçularımız hücumlar təşkil etməyə başlayıblar. Eyyubovun 15-ci dəqiqədə uzaqdan zərbəsini "Sent-Etyen"in qolkiperi tutub. 25-ci dəqiqədə isə "Qəbələ" ilk real qol vəziyyətini əldən verib. Rikardinyonun qapıçı meydançasına mükəmməl ötürməsinə komanda yoldaşı çata bilməyib. Üstünlüyü tamamilə ələ alan "Qəbələ"nin oyunçusunu fransız müdafiəçi 27-ci dəqiqədə qaydalardan kənar üsulla saxlayıb. Zenyovun qapıçı ilə təkbətək çıxacağını görən Poqba onu köynəyindən tutaraq saxlayıb. Hakim "Sent-Etyen"in oyunçusuna sarı vərəqə göstərib. 29-cu dəqiqədə isə fransızların cərimə meydançasında fərdi ustalıq göstərən Ozobiçin təhlükəli zərbəsini fransız qapıçı çətinliklə qapı xəttindən çıxara bilib. Hücumlarını davam etdirən "Qəbələ" 36-cı dəqiqədə əlverişli nöqtədən cərimə zərbəsi qazanıb. Ruslan Qurbanova qarşı kobudluq edilib. Eyyubovun zərbəsindən sonra rəqibin qapıçı meydançasında qarışıqlıq yaranıb. Futbolçumuzun yaxın məsafədən endirdiyi zərbədən sonra qapı tirindən dönən topu Ruslan Qurbanov başla tora qovuşdurub - 1: 0.
Oyunun son dəqiqələrində özünə gələn fransızların baş məşqçisi hakim tərəfindən texniki zonadan uzaqlaşdırılıb. Bundan sonra fransızlar uzaq məsafədən cərimə zərbəsi yerinə yetirib. İlk dəqiqələrdə əla oyun nümayiş etdirən Bezatosnıy kobud səhvə yol verib və hesab bərabərləşib.
İkinci hissə də qonaqların hücumları ilə başlayıb və bu çox keçmədən bəhrəsini verib. Beriç komandasını Bakıda irəli çıxarıb - 1:2.
Ümumilikdə, ikinci 45 dəqiqə birincidən sönük keçib. Yalnız 70-ci dəqiqədən sonra effektli hücumlar təşkil etməyə başlayan "Qəbələ" 75-ci dəqiqədə qola yaxın olub. Müdafiəçi yoldaşından meydanın mərkəzindən mükəmməl ötürmə alan Ozobiç rəqibin cərimə meydançasında topu istədiyi şəkildə ram edə bilməyib və iti bucaq altından qapının "çölü"nü nişan alıb. İki dəqiqə sonra Ozobiç yenidən yadda qalıb. Bu dəfə onun təhlükəli zərbəsini fransız qapıçı geri qaytara bilib. 78-ci dəqiqədə isə "Sent-Etyen"in qapısı qarşısında yenidən qarışıqlıq yaranıb, lakin top futbolçumuzun əlinə dəyib. Oyunun son dəqiqələrində isə fransız futbolçular topu özlərində saxlamaqla istədikləri nəticəyə nail ola bilib. "Sent-Etyen" Bakıdan qələbə ilə geri dönür.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər