Azərbaycan televiziya və radiosunun təntənəli yubiley mərasimi keçirildi

Bu gün Heydər Əliyev Sarayında Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. APA TV-nin xəbərinə görə, mərasimdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, ziyalılar, Azərbaycanda fəaliyyət göstərən media qurumlarının rəhbərləri iştirak edib.
 

Azərbaycan televiziyasının və radiosunun yaranma tarixi, keçdiyi yol haqda tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 

Tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək, ölkədə bu sahədə fəaliyyət göstərən bütün əməkdaşları təbrik edib: "Cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin, estetik baxışların, humanist duyğuların və incə zövqün formalaşdırılması,  gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi  kimi mühüm məsələlərdə teleradionun rolu əvəzolunmazdır. Televiziya və radio həm də böyük səfərbəredici və təbliğat imkanı olan qüdrətli idarəetmə vasitəsidir.

Əli Həsənov sovet dönəmində, 1925-1940-cı illərdə həyata keçirilən ideoloji, mənəvi və fiziki terrorun xalqımızın intellektual potensialına ağır zərbə vurduğunu və tarixi keçmişimizlə əlaqələrimizi zəiflətdiyini deyib. Belə bir şəraitdə yeni və daha təsirli vasitə kimi radio və televiziyanın  xalqımızın sonrakı mənəvi yüksəlişində mühüm rol oynamağa başladığını vurğulayıb: "Sovet hökumətinin 1925-1940-cı illərdə həyata keçirdiyi ideoloji, mənəvi və fiziki terror xalqımızın intellektual potensialına ağır zərbə vurdu və tarixi keçmişimizlə əlaqələri zəiflətdi. Belə bir şəraitdə yeni və daha təsirli vasitə kimi radio və televiziya  xalqımızın sonrakı mənəvi yüksəlişində mühüm rol oynamağa başladı. Keçmiş SSRİ-də ilk radio verilişi 1924-cü il noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2 il sonra - 1926-cı il noyabrın 6-da yaradılıb. Mexaniki televiziya Sovet İttifaqında 1931-ci il oktyabrın 1-də yayıma başlasa da, Azərbaycan televiziyası bundan 25 il sonra - 1956-cı il fevralın 14-də ilk dəfə efirə çıxıb. Müqayisə üçün deyim ki, qardaş Türkiyədə radio 1927-ci il mayın 6-da, televiziya isə 1968-ci il yanvarın 31-də fəaliyyətə başlayıb. İranda  radio 1926-cı, televiziya isə 1959-cu ildə qurulub. Göründüyü kimi, biz azərbaycanlılar bu sahədə də müsəlman Şərqində birinci mövqedə dayanırıq”.

 

Prezidentin köməkçisi qeyd edib ki, hər bir xalqın teleradiosu onun görən gözü, eşidən qulağı olmaqla bərabər, həm də ictimai həyatının güzgüsü, bir növ vizit kartıdır. Bildirib ki, teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı, dövlətimizi dünyada tanıdır. Televiziya və radio milli ruhu, milli əxlaqı, ictimai davranış normalarını, milli-mənəvi dəyərləri formalaşdırır, təlqin edir. Bütün bunların azərbaycançılığın əsas əlamətlərindən birinin əmələ gəlməsinə təsir etdiyini bildirən natiq, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də Heydər Əliyevin siyasəti və ənənələrinin uğurla davam etdirildiyini xüsusi qeyd edib. Əli Həsənov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan mediasına daim diqqət və qayğı ilə yanaşdığını bildirib. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərdiyini qeyd edərək, Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıldığını vurğulayıb. O, bununla yanaşı müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf etdiyini deyib.
 

Ə. Həsənov ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı və milli maraqların təəssübkeşi olan KİV-in formalaşması və inkişafı dövlətin media siyasətinin fəlsəfəsini təşkil etdiyini qeyd edib. Bildirib ki, prezident İlham Əliyev son illərdə mediaya dövlət qayğısını sistemləşdirib və şəffaflaşdırıb. 2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsini və 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını buna nümunə göstərib. İndiyə qədər KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Fonda 30 milyondan artıq vəsait ayrıldığını qeyd edib. Eyni zamanda Azərbaycan Prezidentinin 2011 və 2013-cü illərdə respublikada milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında imzaladığı sərəncamlarla üst-üstə 11 milyon manat vəsaitin ayırmasını həm də televiziyaların inkişafına əlavə imkanlar yaradılması kimi səciyyələndirib. Ölkəmizin 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulduğunu, bununla da Azərbaycan teleradio yayımçılarının imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.

O əmin olduğunu bildirb ki, milli televiziyanın 60 və radionun 90 illik yubileyi ilə bağlı Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər.
 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi çox mühüm, əlamətdar hadisədir. Qeyd edib ki, müstəqillik əldə edildikdən sonra Azərbaycanda teleradio sahəsində dönüş yaranıb, 2000-cı illərin əvvəllərində teleradio ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, dövlət orqanı olan Milli Televiziya və Radio Şurası fəaliyyətə başlayıb. Milli Televiziya və Radio Şurası fəaliyyətə başladığı ilk gündən telekanalların lisenziyalaşdırılmasını həyata keçirib. Telekanallarda Azərbaycan ədəbi dilinə diqqət göstərilməsi xüsusi məsələ kimi uğurla həyata keçirilib. Kəmiyyət baxımından Azərbaycan teleradio məkanı böyük sıçrayış əldə edib. Bu gün Azərbaycanda xarici televiziya kanallarının yayımını həyata keçirən kabel şəbəkəsi yayımçıları, İP TV-lərin fəaliyyət göstərməsini, eyni zamanda, ölkədə “İdman Azərbaycan”, “CBC Sport” və “Mədəniyyət” kimi tematik telekanalların fəaliyyəti xüsusi yer tutduğunu vurğulayıb. O, bu cür telekanalların əsasən böyük ölkələr üçün xarakterik olduğunu bildirib.
 

Mərasim çıxışlar və konsert proqramı ilə davam etdirilib.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR