Neft və Sənaye Universitetinin tələbələrinə Xoşbəxt Yusifzadə təqaüdü təqdim olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə təhsil ocağının fəxri professoru adının verilməsi ilə bağlı tədbir keçirilib.


APA TV-nin məlumatına görə, çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı SOCAR-la əməkdaşlığı genişləndirmək üçün müəyyən layihələr həyata keçirmək niyyətində olduqlarını deyib.

 

Əsas məqsədin universitetdə təhsilin keyfiyyətinin artırılması hesabına tələbələrin sayının artması olduğunu deyən rektor hazırda universitetdə 10 min tələbənin təhsil aldığını, son illərdə isə onların sayının 2 min nəfər artdığını söyləyib. Mustafa Babanlı  bu gün universiteti bitirən tələbələr üçün iş tapmağın  çox çətin olduğunu, ancaq yenə də universitetdə keyfiyyətli təhsil verməyə, daha yüksək keyfiyyətli mütəxəssislər yetişdirməyə çalışdıqlarını vurğulayıb.

 

Daha sonra Xoşbəxt Yusifzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professoru adı ilə təltif edilib: "Mən sizin hamınıza arzu edirəm ki, gəlib bu yaşa çatasınız. Hökumətimizin, dövlətimizin, Azərbaycan xalqının xeyrinə çalışasınız. Hərə öz sahəsində işi mükəmməl görsün ki, Azərbaycan günü-gündən çiçəklənsin".

 

Tələbələr qarşısında çıxışında Azərbaycanın neft sənayesindən danışan X.Yusifzadə bildirib ki, "Azəri-Çiraq-Günəşli" yataqlar blokundan bu günə qədər 412 mln. ton neft hasil edilib ki, bunun da 229 mln. tonu mənfəət neftidir. Onun sözlərinə görə, Azərbaycan əsas ixrac kəməri ilə 440 mln. ton neft nəql edib ki, bunun da 310 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarlarına göndərilib. Hazırda "Şahdəniz" yatağından 76 mlrd. kubmetr qaz, 6 mln. ton kondensat hasil edilib.

 

Tədbirdə universitetin 2 tələbəsinə Xoşbəxt Yusifzadə adına təqaüd təqdim olunub. Təqaüdü tələbələrə SOCAR-ın birinci vitse-prezidenti şəxsən təqdim edib. Xoşbəxt Yusifzadə tələbələrə neftçi adını ləyaqətlə, şərəflə  daşımağı və neftçi peşəsini davam etdirməyi məsləhət görüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR