Çavuşoğlu: "Rusiya ilə ABŞ arasında dialoqa çalışdıq, lakin..."
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın "Rossiya-24" telekanalına müsahibə verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, nazir 15 iyul çevriliş cəhdi, Suriya böhranı, Türkiyə-Rusiya və Türkiyə-ABŞ münasibətləri kimi önəmli mövzulara toxunub.
Suriyadakı böhranlı vəziyyətə toxunan baş diplomat bu ölkənin gələcəyinin hazırkı prezident Bəşər Əsədə etibar edilməsi məsələsində Rusiya ilə müəyyən fikir ayrılıqlarının olduğunu söyləyib: "Suriyanın gələcəyinin Əsədlə olması istiqamətində müəyyən fikir ayrılıqlarımız var. Fikrimizcə, müxalifətin bundan sonra Əsədlə birləşməsi mümkün deyil. Çünki onlar 500 mindən çox insanı öldürən bir rejimlə yenidən bir araya gəlməyi istəmir".
Mövlud Çavuşoğlu eyni zamanda ölkəsinin rəsmi Moskva ilə Vaşinqton arasındakı narazılıqların aradan qaldırılmasına dəstək göstərdiyini vurğulayaraq, indiyədək hər hansı bir nəticənin əldə olunmamasından təəssüfləndiklərini dilə gətirib: "Rusiya ilə Birləşmiş Ştatlar arasındakı dialoqa dəstəyimizi göstərdik. Lakin bütün cəhdlər uğursuz oldu. İndi əsas vəzifəmiz Hələbdə əldə olunan atəşkəsin davamlı olmasını və bu rejimin bütün ölkəyə yayılmasını təmin etməkdir".
Nazir açıqlamasında ölkəsinin daim PKK, İŞİD VƏ YPG kimi terror təşkilatlarının hədəfində olmasının səbəblərinə də toxunub: "Birincisi, Türkiyə İŞİD-ə qarşı mübarizə koalisiyası daxilində çox önəmli rola malikdir. NATO və koalisiya dövlətlərinin qırıcıları "İncirlik" hərbi bazasından istifadə edir. Bir vacib məqam da sərhədlərimizin İŞİD-dən tam təmizlənməsi ilə bağlıdır. Bu istiqamətdə müxalif qüvvələrin Suriyadakı əməliyyatlarına dəstək verməyə başladıq. Bunun nəticəsində İŞİD Cerablus, Rai, Dabık bölgələrində önəmli itkilər verdi və indi həmin əraziləri tərk edir. Biz Bab vilayətinə qədər irəliləyib, bu bölgəni də terrorçulardan tam azad etmək istəyirik. Məhz buna görə də sözügedən terror təşkilatı bizi hədəfə alır".
Türkiyə xarici siyasətinin başçısı 15 iyul çevriliş cəhdindən sonra verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib: "Hər şeydən əvvəl Rusiya, cənab Putin və rus xalqına çox təşəkkür edirik. Əsl dostun kimliyi belə çətin günlərdə bəlli olur deyirlər və Rusiya Türkiyənin ağır günlərində əsl dost olduğunu səmimi bir şəkildə göstərdi. Türkiyə xalqı bunu heç vaxt unutmayacaq".
Mövlud Çavuşoğlu ölkəsində dövlət çevrilişi etmək istəyən Fətullah Gülənin müttəfiq bir dövlətdə yaşamasının qəbuledilməz olduğunu bir daha təkrarlayıb: "Biz onun Türkiyəyə təhvil verilməsi ilə bağlı lazımi sənəd və dəlilləri ABŞ tərəfinə təqdim etdik. Bu adamın Türkiyəyə təhvil verilməsi çox önəmlidir. Onun kim olduğunu bütün dünya bilir".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər