Akif Çovdarov oteldə iki sahibkara silahlı basqını niyə təşkil edibmiş? - TƏFƏRRÜAT
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarovun cinayət işi üzrə yeni detallar üzə çıxıb.
APA-nın məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, A. Çovdarov cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovla 2009-cu ilin oktyabr-noyabr aylarında rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı və şikayət ərizəsi olmadan hakimiyyətdən və qulluq mövqeyindən istifadə etməklə sahibkar Kərimov Neman Süleyman oğlunun külli miqdarda pul vəsaitini ələ keçirmək üçün onu və yaxın qohumu Mövsümov Elvin Zakir oğlunu azadlıqdan məhrum edib.
Hər iki şəxs Binəqədi rayonunda yerləşən “Elit” hotelində olduqları vaxt Səlim Məmmədov funksional vəzifələrin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrdən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan istifadə etməklə odlu silahla basqın edərək adları çəkilən şəxsləri zorla MTN-ə gətirib.
A. Çovdarov onları 10 saat ərzində xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum edib. O, Neman Kərimovun yaxın münasibətdə olduğu Rüstəmova Sevinc Rafiq qızından aldığı 20 min manatı qaytarmamasını bəhanə edib, sidik nümunələri götürərək guya narkotik vasitələrin istifadəçiləri olduqlarını iddia edərək barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyib. A. Çovdarov onlardan 80 min manat məbləğində pul tələb edib, sonra həmin pulu Zakir Mövsümovdan dəstə üzvü Səlim Məmmədovun vasitəsi ilə nazirliyin binasında alıb. Çovdarov pulun 20 min manatını Sevinc Rüstəmovaya borcunun ödənişi kimi verib. Qalan 60 min manatını isə mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirib.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Onların cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər