Yağış Masallıya ciddi ziyan vurub: 2 ev dağılıb, dağlıq kəndlərdə sürüşmə olub

İntensiv yağıntılar səbəbindən Masallının bir sıra yaşayış məntəqələrində subasmalar qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, ən təhlükəli vəziyyət rayonun Böyük Təklə, Xırmanalı və Hacıtəpə  kəndlərində yaşanıb.

 

Abbas Mikayılov, Masallı rayon Memarlıq və tikinti şöbəsinin müdiri: 10 oktyabr 2016-cı il tarixindən etibarən aramsız leysan yağışların yağması və Cəlilabad rayonunun Ağdaş kəndi ərazisində yerləşən su tutarlarının daşması nəticəsində rayonumuzun Xırmandalı və Təklə kəndlərindəki xırda çaylar daşıb. 250-dən çox fərdi yaşayış  evi su altında qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin yaxından köməkliyi ilə  50-yə yaxın evin sakinləri təxliyə edilib, 2 ev dağılıb, təsərrüfatlara xeyli ziyan dəyib”.

 

Sel suları həmçinin evlərə dolub, əkin sahələrinə ciddi ziyan vurub, sakinlərin gündəlik məişət həyatını iflic edib. Bundan əlavə, əhaliyə məxsus xeyli sayda ev quşu tələf olub.

 

Rayon rəsmisinin sözlərinə görə, həyata keçirilmiş təxirəsalınmaz tədbirlər sayəsində Masallıda selin yaratdığı fəsadlar qismən aradan qaldırılıb. Evlərindən təxliyə edilmiş ailələr artıq doğma ocaqlarına  qayıdıblar. Selin vurduğu ziyanla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib.

 

Abbas Mikayılov, Masallı rayon Memarlıq və tikinti şöbəsinin müdiri: “Təbii fəlakətin vurduğu ziyan tam hesablanmasa da, tərtib olunmuş aktlar müvafiq qurumlara, o cümlədən Fövqəladə Hallar Nazirliyinə, Nazirlər Kabinetinə  göndərilib. Çox güman ki, hökumət tərəfindən köməklik göstəriləcək”.

 

Məlumata görə,  intensiv yağıntı Masallının dağlıq ərazidə yerləşən Güllütəpə kəndində torpaq sürüşməsini aktivləşdirib. Köhnə Zuvand kəndində isə artıq torpaq sürüşməsi faktı qeydə alınıb. Rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerinə baxış keçirərək müvafiq akt tərtib ediblər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR