Nuşirəvan Məhərrəmli: "Rəqəmsal yayımda elektrik enerjisinə qənaət olunacaq"

Artıq iki gündür ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. 2010-cu ildən bəri istehsal olunan müasir televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Amma rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderlər olmalıdır.

 

APA TV-nin məlumatına görə, dekoderləri poçt şöbələrindən əldə etmək mümkündür. Qurğunun qiyməti 22 manatdan başlayır.

 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, artıq 4 ildir rəqəmsal yayıma keçidlə bağlı əhali məlumatlandırılır. Hətta rəqəmli yayıma keçiddə gecikmişik: "Azərbaycanda kabel şəbəkəsi xeyli inkişaf edib. Kimin evində kabel televiziyası, internet üzərindən yayımlanan İP TV varsa, onların dekoder almasına ehtiyac yoxdur. Ölkəmizdə hədədən artıq çox peyk antenaları mövcuddur. Kimin evində peyk antenaları varsa, onların da dekoder almasına ehtiyac yoxdur. Son 4-5 il ərzində bu sahədə böyük dəyişikliklər olub".

 

Nuşirəvan Məhərrəmli rəqəmli televiziya yayımına keçidin əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacağını vurğulayıb: "Analoq yayımdan fərqli olaraq, rəqəmsal yayımda elektrik enerjisinə tamamilə qənaət olunacaq. Yəni əvvəllər hər hansı bir televiziya kanalı bir tezlikdə yayımlanırdısa, indi bir tezlikdə 10 kanal yayımlanacaq. İkincisi, keyfiyyət məsələsidir. Analoq yayımdan fərqli olaraq, rəqəmsal yayımda təsvir daha keyfiyyətli olacaq. Üçüncüsü, xidmətlər imkanı genişlənəcək".

 

Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, rəqəmsal yayıma keçiddən sonra xarici ölkə kanallarının Azərbaycan ərazisində yayımının qarşısı qismən alınacaq.

 

Qeyd edək ki, analoq yayım dayandırıldıqdan sonra Türkiyənin TRT-1 telekanalının yayımı da  dayanıb. TRT-1 kanalı rəqəmli yayım üzrə müqavilə imzalasa, yayımı bərpa oluna bilər. Artıq məsələ ilə bağlı TİKA-ya (Türk Əməkdaşlıq və İnkişaf İdarəsi) məlumat verilib və danışıqlar aparılır.

 

Xatırladaq ki, respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına dekabrın 1-dən keçiləcək və analoq yayım dayandırılacaq. Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib. Qonşu Rusiya, İran, eləcə də Avropa ölkələrinin hamısı hələ də tam rəqamsal yayıma keçməyib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR