“Mən Azərbaycanlıyam” milli bilik yarışmasının qalibləri mükafatlandırıldı
Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının 6-cı mövsümü başa çatıb.
APA TV-nin xəbərinə görə, yarışma Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, belə müsabiqələr gənclərin vətənpərvər ruhda yetişməsi üçün çox vacibdir: "Bizim nazirlik bu müsabiqəyə həm də hədiyyələrlə dəstək olur. İlk müsabiqədən başlayaraq hər bir qalibə kompüter təqdim olunur. Eyni zamanda biz bu müsabiqənin internetdə online variantını da təşkil etmişdik. Hazırda da oyun davam edir. Biz bu oyunu bir qədər də genişləndirmək niyyətindəyik".
“Mən azərbaycanlıyam” milli bilik yarışmasının 6-cı mövsümündə 36 nəfər III yerin, 3 nəfər II yerin, 1 nəfər isə I yerin qalibi olub. Qaliblərə fəxri diplomlar, pul mükafatı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bir ədəd kompüter təqdim olunub.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, yarışmanın keçirilməsində əsas məqsəd gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir. O, həmçinin, bildirib ki, yeni mövsümdə yarışmanın daha geniş formatda keçirilməsi nəzərdə tutulur: “İstək və xahişlər ondan ibarətdir ki, biz yalnız televiziya formatında deyil, eyni zamanda canlı şəkildə, yəni olimpiada formatında keçirək. Biz bu barədə düşünürük. İstəyimiz odur ki, layihə davamlı olsun. Bundan sonra digər qurumlarla birgə layihənin işıqlandırılmasında müvafiq addımlar atacağıq”.
Qeyd edək ki, “Mən azərbaycanlıyam” layihəsində 15-29 yaş arası gənclər iştirak edə bilər. İstənilən vaxt qeydiyyatdan keçmək mümkündür.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər