Füzuli meydanı ləğv olunur

Bakı şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu işlər sırasında, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulub.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən xəbərə görə, bu layihə çərçivəsində 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

 

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı tədbirlər prezidentin sərəncamına əsasən aparılır. Aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə ki, “Füzuli meydanı” ləğv edilərək mövcud parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin yaradılması nəzərdə tutulub. Avtonəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geri dönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər. Bundan başqa Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobusların hərəkəti üçün bir hərəkət zolağı ayrılacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR