Özünüməşğulluq fəaliyyəti üzrə biznes-planların qiymətləndirilməsinə başlanıb

İşaxtaran və işsiz vətəndaşlar tərəfindən özünüməşğulluq fəaliyyəti üzrə hazırlanmış biznes-planların qiymətləndirilməsinə başlanılıb.

 

APA TV-nin xəbərinə görə, qiymətləndirmə prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılır.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, BƏT-in baş təlimçisinin iştirakı ilə özünüməşğulluq proqramı üzrə təlimçilər hazırlanıb və onlar özünüməşğulluq proqramında iştirak etmək məqsədilə müraciət edən vətəndaşlar üçün iki aylıq təlim kursları keçirlər: "Bu günə olan məlumata görə, 142 təlimçidən 138-in təlimini yekunlaşdırmışıq. Bu 138 təlimçidən 71-i ölkənin müxtəlif şəhər və rayonlarda vətəndaşların təliminə başlayır. Artıq 980 nəfər vətəndaşımız bu təlim prosesinə cəlb olunub. 246 nəfər vətəndaşımız biznes planlarının hazırlanması ilə bağlı təlim prosesini yekunlaşdırıb. Həmin 246 nəfər vətəndaşın 153-ü biznes planlarının müdafiəsi prosesinə başlayır. Bu proses iki günə aparılacaq. İki gün ərzində 8 rayondan 12 qrup müdafiə prosesinə cəlb olunacaq".

 

Nazir müavini bildirib ki,  biznes planlarının qiymətləndirilməsi üçün nazirlik tərəfindən 6 xüsusi komissiya yaradılıb. O, biznes-planların 3 meyar - biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında qiymətləndirilməsinin nəzərdə tutulduğunu deyib. Biznes-planları qiymətləndirmə prosesindən uğurla keçmiş vətəndaşların özünüməşğulluq fəaliyyətinin mal və materiallar formasında dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanacaq. Ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də onların özünüməşğulluq fəaliyyəti mütəmadi monitorinqlər vasitəsilə izlənəcək. Onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün müvafiq məsləhətlər, tövsiyələr veriləcək. Təlim kurslarını bitirmiş digər şəxslərin də biznes-planlarının müəyyən olunmuş vaxtlarda qiymətləndirilməsi təmin olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR