Samuxda mal-qara oğurlayan dəstə zərərsizləşdirildi

Samuxda saxlanılan 3 nəfərdən ibarət dəstənin son iki ay ərzində rayonun müxtəlif kəndlərində xeyli sayda iri və xırda buynuzlu heyvanları oğurladığı müəyyənləşib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, polisin çoxsaylı müraciətlər əsasında apardığı axtarış cinayətkarları iş başında yaxalamağa imkan verib.

 

Gəncə sakini, 44 yaşlı Şahin Mirzəyev Samux sakinləri - 25 yaşlı Vasif Rəhimov və İsa Muxtarovla birlikdə sonuncuların yaşadıqları rayonda mal-qaralara qənim kəsiliblər. Onlar son iki ay ərzində Samux rayonunun Qarabağlılar, Çobanabdallı, Sarıqamış, Seyidlər, Qovlarsarı və Kolayır kəndlərində vətəndaşlara ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar. Müstəntiq Əşrəf Yusifzadənin sözlərinə görə, həmin şəxslər xeyli sayda iri və xırda buynuzlu heyvanları oğurluq yolu keçirərək dəyər-dəyməzinə satıblar: "Muxtarov İsa Rəfail oğlu Mirzəyev Şahin Səfər  oğlu və Rəhimov Vasif İsmayıl oğlu qabaqcadan əlbir qrup yaradaraq ümumilikdə sentyabr oktyabr aylarında 12 müxtəlif şəxsə məxsus 40 baş mal-qaranı oğurlayıblar. Hər üç şəxs saxlanılaraq istintaqa təqdim olunub".

 

Dəstə üzvlərinin sonuncu cinayət əməli Çobanabdallı kəndi ərazisində qeydə alınıb. Həmin gün havanın yağışlı olmasından maksimum yararlanan qarətçilər Səyavuş İsmayılova məxsus əvvəlcə 9 baş, sonra isə 4 baş xırda davarları ələ keçiriblər. Çağırılmamış qonaqlar 9 baş quzunu sata bilsələr də, sonrakı cəhdləri uğursuz alınıb. Polis əməkdaşları onları maddi sübutlarla birlikdə saxlayıb.

 

Şahin Mirzəyev, saxlanılan şəxs: "Axşamlar həyətlərə daxil olurduq, götürüb aparıb satırdıq. Əvvəlcədən birlikdə planlaşdırırdıq".

 

"Qəhrəmanlar" oğurladıqları mal-qaranı satmaqda o qədər də çətinlik çəkməyiblər. Onlar geyimləri və idarə etdikləri avtomobillə alıcıları aldadaraq rahatlıqla müştəri tapıblar.

 

Vasif Rəhimov, saxlanılan şəxs: "Üçümüz bir yerdə - Şahin, mən və İsa bir yerdə qərara gəldik ki, gedib mal-qara oğurlayaq. Beləcə, gecə gedib oğurlayıb üç yerə böldük".

 

İsa Muxtarov, saxlanılan şəxs: "Baxırdılar ki, köhnə maşındı. Deyirdik kəndlərdən almışıq ucuz qiymətə, indi də satırıq. Üst-başımıza baxırdılar ki, oxşayırıq alverçiyə. Bununla bağlı problem olmurdu".

 

İki ay ərzində 12 şəxsin mal-qarasını oğurlayan hər üç şəxs barəsində cinayət işi başlanıb. İstintaq aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR