Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yolda sürüşmə baş verib

Son günlər düşən intensiv yağıntılar nəticəsində cənub bölgəsindəki sürüşmə zonalarında aktivlik daha da artıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, bu səbəbdən Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Sadatlı avtomobil yolunun Xəlilli kəndindən keçən hissəsində torpaq sürüşməsi baş verib.

 

Yerli sakinlərin sözlərinə görə, ərazidən mütəmadi olaraq ağır tonnajlı yük maşınlarının  keçməsi ilə yolun asfalt qatında hər dəfə yeni çatlar əmələ gəlməyə başlayır. Həmçinin yolun ayrı-ayrı ərazilərində asfalt qatı dağılaraq dərəyə doğru aşıb. Yolun kənarlarında və orta hissələrində dərin çatlar əmələ gəlib. Sürüşmə nəticəsində bəzi yerlərdə yoldan keçid məsafəsi də daralıb. Ən təhlükəli vəziyyət isə yolun üzərində qurulmuş körpülərin birində yaşanır. Mövcud vəziyyətə baxmayaraq, yolda hələlik nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir maneə yaranmayıb.

 

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Vidadi Dövlətov APA TV-yə təbii fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılacağını bildirib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR