Rəis Rəsulzadənin 70 illik yubileyi qeyd olundu

Bu gün Bakıda Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, yubilyar bildirib ki, bu günə qədər yaradıcı baxımdan nəzərdə tutduğu bütün ideyaları həyata keçirib: “Hər hansı reallaşdıra bilmədiyi işi, adətən, rəssam qəlbində gəzdirir. Müəyyən təkan və ya səbəb olduqda o üzə çıxır. Əgər peşəkardırsa, mütləq öhdəsindən gələ bilir. Ümumiyyətlə, reallaşdıra bilmədiyim məqam olmayıb”.

 

Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu Rəis Rəsulzadənin keçdiyi həyat yolu haqqında məlumat verib. O qeyd edib ki, yubiley tədbirinin keçirilməsində əsas məqsəd Rəis Rəsulzadəni cəmiyyətə bir rəssam olaraq tanıtmaqdır: “Uzun illər boyu Rəis Rəsulzadə Azərbaycan cəmiyyətində Məhəmməd Əmin Rəsulzadənin nəvəsi kimi tanınırdı. Hər zaman onu ictimaiyyətə belə təqdim ediblər. Amma Azərbaycanın gözəl rəssamı, Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş rəssam və bu günə qədər 500-dən çox sənət əsərinin müəllifi olan Rəis Rəsulzadə unudulub”.

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov qeyd edib ki, Rəis Rəsulzadənin rəssam kimi istedadı ana tərəfi ilə bağlıdır. Belə ki, Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümbülbanu Rəsulzadənin çox gözəl əl qabiliyyəti olub: “Həyatda Rəis Rəsulzadə nəyə nail olubsa, Allahın ona bağışladığı istedad, malik olduğu ağlasığmaz dərəcədə əməksevərlik, inadkarlığı sayəsində nail olub. Düşünürəm ki, Rəis Rəsulzadənin fəaliyyətindən əlavə, bu xüsusiyyətləri də çağdaş nəslə nümunə olmalıdır”.

 

Millət vəkili Fazil Mustafa isə Rəis Rəsulzadənin yaradıcılığının daha da  geniş təbliğ olunmasının önəmini vurğulayıb, bu istiqamətdə lazımi tədbirlərin görüləcəyini bildirib.

 

Qeyd edək ki, bu yaxınlarda Rəis Rəsulzadənin əsərlərindən ibarət kataloq tərtib olunacaq. Daha sonra Rəssamlar İttifaqında təxminən 90 əsərin nümayiş olunacağı sərgi təşkil olunacaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR