İran parlamentində 100 deputatın imzası ilə türk fraksiyası quruldu
100-dən çox türk əsilli millət vəkili İran parlamentində birləşərək "Türk Bölgələri Millət Vəkilləri Fraksiyası"nı yaradıb. APA TV-nin məlumatına görə, türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə seçilən deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin müavini Məsud Pezeşkiyan fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun müavinləri vəzifəsinə seçilib.
İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.
Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının Ali Şurasının üzvüdür: "Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır".
Yayılan məlumatlarda bildirilir ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərindən olan deputatlardan başqa, İranın bir sıra digər əyalətlərinin deputatları, o cümlədən də Savucbulaq deputatı Mahmud Bəhməni, Tehrandan seçilən deputatlar İlyas Həzrəti və Behruz Neməti, Şirazdan olan deputat Əli Əkbəri, Qumdan olan deputat Əhməd Əmirabadi Fərahani və assurilərin deputatı Yunaten Bet Kolya Türkdilli Deputatlar Fraksiyasının üzvləridir.
Fraksiya 100 millət vəkilinin imzası ilə qurulub. Fraksiyanın rəhbərliyi mühafizəkarlar və islahatçılardan təşkil olunsa da, islahatçılar çoxluqdadır.
Xatırladaq ki, İranda yaşayan türk dilli insanlar özlərini elə türk adlandırır.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi