OPEK-də fikir ayrılıqları davam edir, neft 43 dollara kimi ucuzlaşa bilər

Həftə sonu Vyanada OPEK üzvü dövlətlərin konsensusa gələ bilməməsi neftin qiymətini xeyli ucuzlaşdırıb.

 

APA TV-nin xəbərinə görə, həftənin ilk hərraclarında "Brent" markalı neftin bir bareli 50,32 dollardan satılırdısa, hazırda bu rəqəm 48,88 dollara düşüb.

 

Qərbi Texas neftinin qiymətində də eyni tendensiya müşahidə olunur. Bu gün birjalarda WTİ nefti 46,92 dollardan təklif olunur ki, bu da son həftələrin ən aşağı qiymətidir.

 

OPEK-in işçi toplantısının yekunu göstərir ki, kartelin hətta aparıcı üzvləri arasında belə hasilatın azaldılması ilə bağlı fikir ayrılığı var. Kartelə üzv olmayan əksər ölkələr isə hesab edir ki, əvvəlcə OPEK üzvləri öz aralarında fikir ayrılıqlarını aradan qaldırmalıdır. İraqın razılaşmada iştirak etmək istəməməsi, Səudiyyə Ərəbistanı ilə İran arasında ənənəvi söz dueli OPEK-in hansısa razılığa gələ biləcəyini şübhə altına salır. Üstəlik, Rusiyanın hasilatı azaltmaqdan imtina etməsi də qiymətlərə mənfi təsir göstərir.

 

Ekspertlər hesab edir ki, Vyanadakı görüşün nəticəsiz qalmasının ardınca ABŞ-ın neft ehtiyatlarının həcminə və ölkədəki qazma qurğularının sayına dair hesabatlar neftin qiymətini daha da ucuzlaşdıra bilər. Artıq qiymətlərlə bağlı pessimist proqnozlar da səslənməkdədir. Treyderlər neftin qiymətinin həftə ərzində 48 dollardan aşağı olacağını ehtimal edirlər, proqnozlar arasında neftin 43 dollara kimi ucuzlaşacağı barədə fikirlər də var.

 

Qeyd edək ki, son 24 saat ərzində "Brent" markalı neftin minimum qiyməti 47,95 dollar olub. Bu, oktyabrın 3-dən bu yana qeydə alınan ən aşağı göstəricidir. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR