Bakı və Abşeronda analoq televiziya yayımı dayandırıldı

Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin diqqətinə çatdırır ki, Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb. Noyabrın 1-dən etibarən, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçilib.

 

Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.

 

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Noyabrın 1-dən etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.

 

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

 

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

 

Xatırladaq ki, respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına dekabrın 1-dən keçiləcək və analoq yayım dayandırılacaq.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR