7 oğul istərəm, 7 dənə qız-gəlin... - 14 UŞAQLI AİLƏDƏN REPORTAJ

Bərdədə İsgəndərovlar ailəsinin 14-cü uşağı dünyaya gəlib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ailə iki ay öncə doğulan körpəni hər kəsdən gizli saxlayıb.

 

Ev şəraitində doğulan qızın adını Günay qoyublar. Günayın dünyaya gəlişi ailədə bərabərliyi təmin edib. Artıq Tünzalə və Taleh İsgəndərovların 7 qızı, 7 oğlu var. Əslində sonuncu uşaq sayca 19-cudur. Doğulan körpələrdən 5-i dünyasını dəyişdiyindən, 14-ü qalıb.

 

45 yaşlı Taleh uşaqların bəzən adını unutduğunu desə də, uşaqları çox sevdiyini deyir: "Elə bil ki, televizora baxmaq ehtiyac yoxdur. Çünki onlarla yığışıb bir yerdə danışandan onların hərəsinin bir təbiəti var, bir danışıq tərzi var, özləri başdan-ayağa yumordur. Onlar bəs edir. Televizor ehtiyac deyil".

 

37 yaşı olan Tünzalə İsgəndərova uşaqları böyütməkdə çətinlik çəkmədiyini deyir. Balacalara qulluğu ailənin böyük uşaqları edir: "Nadincimiz var. Balaca Raqub, 12-ci çox nadincdir. Ağıllı bir Əyyub var, bir yerdə olanda köməyinə, harayına çatan o uşaqdır. Gedib hardasa ya ağaca çıxır, qalır orda, gəlib çağırıb xəbər verir. Nadincdir, çox nadincdir. Amma bu ağıllı, sakitdir".

 

Sonuncu qız Günay dünyaya gələndə ailə bu xəbəri hər kəsdən gizlin saxlamağı qərar verib. Səbəbi isə odur ki, 13-cü uşaq olanda onları televiziyaya çıxarıb, çoxuşaqlı ailə kimi maşın, yataq dəstləri, paltaryuyan veriləcəyini deyiblər. Verilən sözlər tutulmadığından, İsgəndərovlar qohum-əqrəba, dost-tanışın yanında utanıblar.

 

Taleh İsgəndərov ailəsini sürücülüklə pis-yaxşı dolandırdığını deyir. Evdə ananın işi çox olduğundan, ərzağın çoxunu hazır alır: "Nəyə görə un almıram? Çünki bu qədər uşağı saxlamaq, çörək bişirmək çətindir yoldaşım üçün. Ona görə də un almıram çörək bişirə. Böyük oğlum əsgərlikdədir, böyük qızım tələbədir, oxuyur. O biri oğlum işləyir, ona görə mən də işləyirəm, evdə azalır say. Axşam olanda yığışırıq".

 

Tünzalə İsgəndərova isə gündəlik qida rasionlarından danışır: "Bir dəfəyə böyük çolpa olanda 2-si bəs edir. 2 kq da ət bişiririk bir dəfəyə. Bir gündə 10 çörək gedir, hələ ki balacadırlar. Baxır bunların yeməyinə".

 

"Ailəlikcə qonaq getməyi necə, sevirsinizmi?" sualına Tünzalə xanım belə cavab verir ki, kimisə narahat etməyi sevmirlər. Çox nadir hallarda qohum-əqrəbanın evinə ailəlikcə getdikləri olur.

 

7 oğullu, 7 qızlı İsgəndərovlar ailəsinə firavanlıq və ruzi-bərəkət arzulayırıq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR