II Elm Festivalı başladı

Bakıda II Azərbaycan Elm Festivalının açılış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, festival AMEA-nın təşkilatçılığı, UNESCO, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan prezidenti yanında Bilik Fondu, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universiteti dəstəyi ilə təşkil edilib.

 

AMEA prezidenti Akif Əlizadə festivalla bağlı fikirlərini bölüşüb: “Həqiqətən alimlərin bu gün böyük bayramıdır. Çünki biz ikinci dəfə Elm Festivalı təşkil etdik. Elm festivalları həm dövlət, həm də cəmiyyət qarşısında hesabatdır və bu festivalda da biz hesabatla gənclərin, alimlərin qarşısında çıxış edirik. Bu festival daha geniş miqyası əhatə edir. Naxçıvan, Gəncə, Sumqayıt, Şəki şəhərlərində keçiriləcək”.

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Elm Festivalının gənclərin elmə marağının artırılması, elmi nailiyyətlərin inteqrasiya edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Açılış mərasimində məlumat verilib ki, festivalda son illər alimlərin əldə etdiyi elmi nailiyyətlər, innovativ yeniliklər nümayiş etdiriləcək. Həmçinin builki festivalda 50-60 min ziyarətçinin olacağı gözlənilir. Mərasimin bədii hissəsində AMEA-nın marşı səsləndirilib.

 

Daha sonra Qafqaz Universiteti tələbələrinin iştirakı ilə elmi şou nümayiş olunub.

 

Festival çərçivəsində sərgi də təşkil olunub. Ali və orta ixtisas təhsili müəssisələri, eləcə də AMEA-nın institut və təşkilatları elmi nəticələrini nümayiş etdiriliblər.

 

Qeyd edək ki, 31 oktyabr-5 noyabr tarixlərində keçiriləcək festival paytaxt Bakı ilə yanaşı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərini də əhatə edəcək. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR