Qüdrət Həsənquliyev: “Türkiyə və İranla viza rejimi ləğv edilməlidir” - MİLLİ MƏCLİSDƏ
Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası başlayıb. APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədov gündəliyi təqdim edərək bildirib ki, 2 məsələ gündəlikdən çıxarılaraq növbəti iclasa keçirilib. Bu, Cinayət və İnzibati Xətalar məcəllələrinə olan dəyişikliklərdir.
Bugünkü iclasın gündəliyinə isə 25 məsələ daxil edilib. "Azərbaycan, İran və Rusiya Prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan hökumətini Türkiyə və İranla viza rejimini ləğv etməyə çağırıb: “İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq. Azərbaycana qarşı bəzi Türkiyə saytlarında təxribatçı yazılar gedir. Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər. Onlar bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb, hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar. Ona görə də mən Türkiyə və İranla viza rejiminin qaldırılması üçün hökuməti müvafiq addımlar atmağa çağırıram. Bu, həm də kimlərə xidmət etdiyi bəlli olmayan media orqanlarının bizə qarşı təbliğatına son qoyardı”.
Cinayət Məcəlləsinin 167-1-ci maddəsinə yeni 4-ü bəndin əlavəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, bundan sonra Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Məcəllənin 214-cü terrorçuluq maddəsindəki dəyişikliyə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilən əməllərə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.
Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov bəyan edib ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib, orada din adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq. O bildirib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycandan 3 min nəfər xaricdə dini təhsil alıb.
“Bu gün din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirir” deyən deputat Qənirə Paşayeva deyib ki, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımından heç zaman münaqişə yaşanmayıb. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da Kərkükdə yaşayan soydaşlarımıza sahib duracaq və onlara dəstək verəcək.
Deputat Zahid Oruc xaricdə təhsil almış 3 min nəfərin də Azərbaycan vətəndaşları olmasını xatırladıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, ölkədə təhsil almağa üstünlük verilər.
Milli Məclis sədrinin müavini Bahar Muradova qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini deyib və konkret maddə ətrafında danışmağı təklif edib.
Spiker Oqtay Əsədov isə bildirib: “Xahiş edirəm qanun layihəsini düzgün oxuyasınız və biləsiniz ki, konkret nəyi müzakirə edirik. Biz bu qanunu qəbul etmişik və bir maddəyə dəyişiklik edirik. Buna görə bu qədər çıxış etmək olmaz axı”.
Deputat Fazil Mustafa isə bildirib ki, xaricdən dini əqidə formasında idarə olunan qurumların da fəaliyyəti qadağan olunmalıdır.
Bundan sonra layihə səsə qoyularaq qəbul edilib.
Azərbaycanda dini ekstremizm əleyhinə əməliyyatların aparılması zamanı əməliyyat aparan şəxslərə bir sıra səlahiyyətlərin verilməsi ilə bağlı sənədlər də Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklərə əsasən, dini ekstremizm əleyhinə əməliyyat zamanı əməliyyat aparan orqan tərəfindən müvafiq qərarlar veriləcək və həmin qərara uyğun addımlar atılacaq.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, KİV-in əməliyyatla bağlı məlumatı əməliyyat aparan orqan tərəfindən verilən icazə ilə yayması mətbuat azadlığını məhdudlaşdırır. Müzakirələrdən sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Millət vəkili Zahid Oruc daha maraqlı təkliflə çıxış edib. Deputat bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Konstitusiyaya hörmət edən, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etməyən, Şəhidlər Xiyabanına gedərək şəhidlərin qarşısında baş əyməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik: “Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq təklif edirəm ki, səngərdə dayanan erməni ilə mülki ermənini ayıraq. Bu yaxınlarda İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetisyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.
"Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı isə Zahid Oruc nəzir qutularından yığılan pulların şəffaf xərclənilməsi məsələsinin vacibliyinə toxunub.
Buna cavab olaraq Siyavuş Novruzov qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi də bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir: "Nəzir qutularından o qədər də vəsait toplanmır. Bu pullar Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlətdən maliyyələşmir".
Müzakirələrdən sonra “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı haqqında”, “Telekommunikasiya haqqında” və “Yol hərəkəti haqqında” qanunlara edilən əlavə və dəyişikliklər səsə qoyularaq qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi