Şabranda iribuynuzlu mal-qara arasında xəstəlik yayılıb

Şabrandakı fərdi təsərrüfatlarda iribuynuzlu mal-qara arasında xəstəliklərə rast gəlinir. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, rayonun Uzunboyad kəndində kənd sakinlərinə məxsus bir neçə baş heyvan tələf olub.

 

Kənd sakinləri xəstəliklərin təxminən 2-3 ay bundan əvvəl başladığını və hazırda da davam etdiyini deyirlər. Onların sözlərinə görə, iribuynuzlu mal-qara bir neçə aydır tövlədən çıxarılmır. Təsərrüfat sahibləri xəstəliyə tutulan heyvanların qidadan kəsildiyini, ayaqlarının tutulduğunu və bədəninin müxtəlif hissələrində şişlərin əmələ gəldiyini bildirir:

 

Nadya Fərmanova, kənd sakini: "Bətnində yumru-yumru şişlər var. Bir inək elədir. O birilərində ağızdan da, ayaqdan da dabaq xəstəliyi var idi. Onlar yavaş-yavaş yaxşı olur. Bir inək 20 gündür durmur, yemir. Nə qədər müalicə eləsək də, ayağa durğuza bilmədik. 60 yaşım var mən bu vaxta qədər belə xəstəlik görməmişəm. Bu ildən belədir. Bizim heyvalar tələf olmayıb. Ancaq camaatın malı qırılıb, çoxununku qırılıb".

 

Uzunboyad kənd sakini Muxtar Ağarəhimovun da təsərrüfatında isə xəstəliklərdən 3 baş heyvan tələf olub. Təsərrüfatçılar bildirir ki, bu hala tək Uzunboyadda deyil, rayonun başqa kəndlərində də rast gəlmək olur: "Mənim öz malımda hardasa ay yarım olar. Kənddə çox adamın heyvanında var. Bir camış balası varım idi. Bir nəfər şişmişdi. Dedim, qonşuların çəpərinə keçib vurublar. Sən demə, xəstəlik imiş. Həkim gətirdim, sistem vurdurdum. Qozalar indi də var. Bir dana, bir düyə, camış balası və qoyunların qaynına su gəlib ölüb".

 

Şabran Rayon Baytarlıq İdarəsinin rəisi Nizaməddin Əliyev isə bildirib ki, bütün kəndlərdə xəstəliklərə qarşı profilaktik tədbirlər görülüb. Təsərrüfatlar tərəfindən olunan müraciətlərə də operativ reaksiya göstərilib: "Bu ilin əvvəlindən profilaktik tədbirlər plana uyğun aparılıb. Heyvanlar arasında ciddi infeksion xəstəliklər yoxdur. Mövsümi xarakter daşıyan  mikrobakterioz kimi digər xəstəliklər baş verə bilər. O da vətəndaşlar müraciət etdikləri andan biz heyvanların müalicəsi ilə məşğul oluruq".

 

Baytarlıq İdarəsinin rəisi qeydə alınan hər hansı xəstəlik barədə dərhal sahə baytarlarına məlumat verməyi tövsiyə edir. Xəstəlik vaxtında aşkarlanarsa, heyvanları tələf olmaqdan qorumaq mümkündür.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR