Rusiya Suriyanın bölünməsi ilə bağlı danışıqlara başladı - KÜRDLƏRLƏ ƏSƏD ÜZ-ÜZƏ

Ötən ay Əsəd hökuməti və PYD liderliyində kürd siyasi xadimlərinin Suriyanın federasiya quruluşuna keçməsi ilə bağlı bir araya gəldikləri məlum olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, toplantıda kürd tərəfi Suriyanın adının "Suriya Demokratik Respublikası" olaraq dəyişdirilməsini, federasiya sisteminə keçilməsi, YPG-nin asayiş gücü olaraq tanınmasını tələb edib.

Toplantının Rusiyanın təşkilatçılığı ilə 17 sentyabrda, Afrinin 100 kilometr cənubunda yerləşən Əl-Hmeymim bölgəsindəki aviabazasında baş tutduğu bildirilir. Görüşdə PYD nümayəndəsi Fevziyə Yusuf, Suriya ərazi idarəetmə nazirinin müavini Luey Harita, Suriyadakı rus hərbi birləşmələrinin komandanı polkovnik Aleksandr Juravlyov iştirak edib.

Əsas müzakirə  Suriyada kürdlərin kompakt yaşadığı bölgəyə xüsusi status vermək məsələsi ətrafında gedib. Bu istiqamətdə siyasi irəliləyişə nail olmaq üçün rəsmi Dəməşq nümayəndələrinə hüquqi sənəd də təqdim olunub. Sənəddə 9 əsas və 9 əlavə müddəalar yer alıb. Adı gedən sənəddə kürdlərin siyasi və sosial hüquqları üçün islahatlar həyata keçirilməsinin vacibliyi əksini tapıb.

Sənəddə kürd təmsilçiləri Dəməşq hökumətinə aşağıdakı tələbləri irəli sürüb:

- Suriya hökuməti kürdlərin milli və siyasi hüquqlarını tanımalıdır
- Buna paralel olaraq digər etnik qruplarına da hüquqları tanınmalıdır
- 3 kanton idarəçiliyi Suriya tərəfindən tanınmalıdr
- Bütün bunlara Suriya konstitusiyasında yer verilməlidir
- YPG və digər silahlı birləşmələrin varlığı tanınmalı və bu birləşmələr Suriyanın müdafiə qüvvələri kimi qəbul edilməlidir

Bu arada kürd mənbələri adı gedən toplantıda Suriyada idarəçiliyin federasiya sisteminə keçilməsini Dəməşq nümayəndələri tərəfindən etirazla qarşılandığı barədə məlumat yayıb. Bu məsələdə müzakirələrə nəzarət edən Rusiya tərəfinin etiraz edən nümayəndələrə "bunları qəbul etməlisiniz, siz etməsəniz də rəhbəriniz Əsəd qəbul edəcək", - deyə təzyiq etdiyi bildirilir.

Toplantıda hər iki tərəfin təmsilçilərinin iştirakı məqsədi ilə bir komitənin yaradılması vacib hesab edilib. Bu komitənin əsas vəzifəsi isə mərkəz və kantonlar arasında əlaqələr yaratmaq və inkişaf etdirmək olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR