Gəncədə şəhid Milli Qəhrəmanların doğum günləri qeyd olunub
Gəncə şəhər İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları - şəhid polkovnik Rafael Əsədov və çavuş İqor Makeyevin doğum günləri münasibətilə “Həyatda qəhrəmanlığa həmişə yer var” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə teatrlaşdırılmış rekviyem-tamaşanın təqdimatından öncə bir qrup hərbi qulluqçu və şəhər ictimaiyyətinin nümayəndəsi Gəncədə yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Gəncə Qarnizonu Zabitlər Evinin ansamblının, Gəncə Dövlət Dram Teatrı aktyorlarının və hərbçilərin birgə çıxış etdiyi tədbirdə xalqımızın hərb tarixindən söhbət açılıb, hərbi marşlar, vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa olunub, şəhid Milli Qəhrəmanların həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib.
A.Qurbani bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda 400 nəfərdən çox gəncəli şəhid olub, onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Tədbirdə bildirilib ki, Gəncə şəhərində anadan olan Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədov SSRİ Silahlı Qüvvələrinin məhdud kontingentinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edərək, leytenant rütbəsindən polkovnik rütbəsinədək yüksəlib. 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü pozulan zaman gənc zabit Vətənə qayıdıb və Milli Ordunun sıralarına daxil olub. Cəsur komandir 1992-ci il noyabrın 12-də Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən yaxınlıqda partlayan mərmi qəlpələrindən yaralanaraq dünyasını dəyişib. Azərbaycan prezidentinin müvafiq fərmanı ilə 1994-cü ildə polkovnik Rafael Əsədova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Gəncədə doğulan İqor Makeyevin Naxçıvanik kəndi, Ağdam, Tərtər və Ağdərə rayonları uğrunda gedən ağır döyüşlərdə göstərdiyi qəhrəmanlıq haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusu üçün strateji əhəmiyyətli “Vışka” yüksəkliyinin alınması İqor Makeyev üçün son döyüş olub. İqor Makeyevin ermənilərin ağır texnika ilə hücuma keçdiyi döyüşdə 28 nəfər döyüşçü yoldaşını mühasirədən xilas edib. Özü isə qəhrəmancasına həlak olub. Azərbaycan prezidentinin müvafiq fərmanı ilə İqor Makeyevə 1992-ci ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI