Türkiyə səfiri: “Azərbaycana qarşı haqsızlıqlar artır”

Türkiyə bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişənin çözülməsinə yönəlmiş bütün addımlara dəstək verib və bundan sonra da dəstək verəcək.

 

APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

O bildirib ki, Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını hamıdan çox istəyir: “Bu məsələ uzandıqca, Azərbaycana qarşı edilən haqsızlıqlar da artmaqda davam edir. Bunun üçün məsələni tez bir zamanda həll etmək lazımdır. Türkiyənin səyləri də bu istiqamətdə olacaq”.

 

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının mümkünlüyünü ehtimalını qiymətləndirən səfir deyib ki, bunun üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır: "Türkiyənin Azərbaycandakı səfiri olaraq prioritetim iki ölkə arasında qardaşlığımızı daha inkişaf etdirmək olacaq” deyən diplomat əlavə edib ki,  Azərbaycanın və Türkiyənin regionun digər ölkələri ilə əməkdaşlığı hər üç ölkəyə fayda verəcək. Onun sözlərinə görə, istər Azərbaycan-Türkiyə-Rusiya, istər Azərbaycan-Türkiyə-İran, istərsə də Azərbaycan-Türkiyə-Gürcüstan formatında olan əməkdaşlıq regionun rifahına yol açacaq, bunu da bütün dövlətlər istəyir".

 

Türkiyədə FETÖ ilə mübarizəsi barədə danışan E.Özoral deyib ki, bu terror təşkilatı millətin dini hisslərindən sui-istifadə edərək, dövlət çevrilişini həyata keçirtməyə cəhd göstərib: “Ona görə də dövlət orqanlarının bu xain təşkilatdan təmizlənməsi bitməyənə qədər mübarizəmiz davam edəcək”.

 

Səfirin sözlərinə görə, dövlətə qarşı xəyanət edənlər mütləq cəzalarını alacaqlar.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR