Noyabrın 15-dən qışa keçid mütləqdirmi? - REPORTAJ
Payızın oğlan çağı olsa da, artıq qışın nəfəsi duyulur. Qış isə həmişə əhalinin həyat və məişət şəraitində müəyyən problemlər yaradır. Ötən illərin təcrübəsi göstərir ki, bir çox hallarda aidiyyəti qurumların qışa hazırlıqla əlaqədar verdikləri vədlərin real nəticəsi olmur. Qar, şaxta düşən kimi qaz, işıq və istilik qıtlığı yaranır.
Azərbaycanda bəzən qış havası vaxtından əvvəl hiss olunsa da, qış mövsümünə keçidin dəqiq tarixi var. Əgər oktyabrın ilk günləri havalar çox soyuq keçsə, buna dözməlisiniz. Hətta soyuqdan donsanız da, mütləq noyabrın 15-ni gözləmək məcburiyyətindəsiniz. Çünki Nazirlər Kabineti “Azəristiliktəchizat” ASC-yə istiliyi həmin gündən təmin etməklə bağlı əmr verir.
Şaxtalı, yağışlı, qarlı qış aylarında ölkədə istilik, su, kanalizasiya sistemlərinin və yolların fəaliyyətində yaranacaq hər hansı problemin qarşısının öncədən alınması, qışa hazırlıq və digər məsələlərlə bağlı aidiyyəti dövlət orqanları ilə əlaqə saxladıq.
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev APA TV-nin suallarını cavablandırarkən bildirib ki, qurum noyabrın 15-dən qış mövsümünə keçib. "Havaların kəskin soyuyacağı təqdirdə, biz yenə noyabrın 15-ni gözləməliyik?" sualına gəlincə, müsahibimiz qeyd edib ki, bununla bağlı quruma müraciət olunmalıdır: "İstilik mövsümü Bakı şəhərində noyabrın 15-dən aprelin 15-dək nəzərdə tutulub. Dağlıq rayonlarda isə noyabrın 1-dən aprelin 30-na kimi nəzərdə tutulub. Hələ illər öncədən "Bakıistilik" olanda da qanunvericilikdə, tikinti norma qaydalarında istilik mövsümünün müddəti nəzərdə tutulmuşdu. Eyni zamanda orda göstərilib ki, havaların kəskin soyuması baş verdiyi halda, 10 gün ardıcıl olaraq orta sutkalıq temperatur 6 dərəcədən aşağı olduğu halda, bu məsələyə baxıla bilər. Əvvəllər istilik idarələri İcra Hakimiyyətlərinin tabeliyində idi. O vaxt qanunvericilikdə də nəzərdə tutulmuşdu ki, yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə tənzimlənirdi. İndi məsələ fərqlidir. Məsələn, ötən il internat məktəbləri, doğum evləri, bəzi səhiyyə ocaqlarını noyabrın əvvəlində istilik sistemlərinə qoşduq. Büdcə təşkilatları olduğuna görə bunların istilik təchizatı “Azəristiliktəchizat”la bağlanmış müqavilə ilə tənzimlənir. Həmin təşkilatlarla bizim müqaviləmiz 5 aylıq nəzərdə tutulub. Büdcədən onların istiliklə təminatı üçün 5 aylıq ödəniş olunub. Həmin təşkilatlar bizə fərdi qaydada müraciət etdikdə, istiliyin ödənişinə təminat verdiyi halda, biz həmin təşkilatların istiliyini həmin anda açarıq. Burda ciddi problem yoxdur. Çünki qazanxanalarımız bir aydan da artıq müddətdir istismara hazır vəziyyətdədir".
Çoxmənzilli binaların istiliklə təminatına gəlincə, R.Əliyev bunları deyib: "Çoxmənzilli yaşayış binalarında isə məsələ “Azəristiliktəchizat”a olunan müraciətlə bitmir. Təsəvvür edin ki, biz 550 qazanxananı eyni vaxtda işə qoşduqda, bizimlə bərabər "Azəriqaz" da öz xətlərində təmizləmə işləmə aparmalıdır. Bakı şəhərinin Əhmədli qəsəbəsinin bir hissəsini işıqla təmin edən "Azərenerji" də payız-qış mövsümünə keçid etməlidir. Əgər havaların kəskin soyuması baş verərsə, bu məsələ gündəmə gələcək".
Rafiq Əliyevin sözlərinə görə, “Azəristiliktəchizat”ın növbəti payız-qış mövsümündə işləməsi nəzərdə tutulan 550-yə yaxın qazanxana və 92 istilik məntəqəsi tam istismara hazır vəziyyətdədir. Bu qazanxana və istilik məntəqələri vasitəsilə bu il 3600-ə yaxın yaşayış binasının və “Azəristiliktəchizat”ın mənbələrinə qoşulmuş bütün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, eləcə də digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, aparılan yenidənqurma işləri, tikilən yarımstansiyalar, kabel xətlərinin çəkilişi, yeni transformatorların quraşdırılması abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatına imkan verəcək: "Biz heç vaxt noyabrın 15-nin yaxınlaşmasını gözləmirik. Bizim üçün əsas məqsəd hər bir abonentin evində daim işıqların gur yanmasıdır. Yəni əhali 24 saatsaz fasiləsiz işıqla təmin olunsun. Bəli, noyabr ayı gəlməsə də, bu gün havalar soyuqdur. Biz də bütün kommunal xidmətlər kimi havaların soyuması ilə bağlı çağrı mərkəzlərində əməkdaşlarımızın sayını artırırıq. Eyni zamanda maşın mexanizmlərinin də həmçinin. Dağlıq rayonlarda - Gədəbəy, Lerik, Qusar, fərqi yoxdur - harda abonentə problem yaranarsa, biz çalışırıq ki, dərhal aradan qaldırılsın".
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev qeyd edib ki, Azərbaycanın qazpaylayıcı sistemi qış mövsümünə tam hazırdır. Onun sözlərinə görə, qış mövsümündə Bakının və ölkənin bütün regionlarının fasiləsiz və keyfiyyətli qazla təmin edilməsi üçün zəruri işlər görülüb. Köhnə qazpaylayıcı şəbəkələr təmir olunub və yeniləri çəkilib: “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə üzrə təbii qazın verilişi mövsümi xarakter daşımır. Yəni ilin fəslindən asılı olmayaraq, təbii qazın verilişi həyata keçirilib. Bu gün mənzilləri isitmək üçün aidiyyəti qurumların mövsümü gözləməsindən asılı olmayaraq, mənzillərdə təbii qaz istehlak edirlər. Kimin evində istilik sistemi varsa, havalar soyuyanda istifadə edirlər. O ki, qaldı aidiyyəti qurumun mənzilləri istiliklə təmin etməsinə, respublika ərazisində qış dövrünə keçid dövrü var. Həmin ərəfədən öncə “Azəriqaz” İstehsalat Birliyinə müraciət daxil olur. Hansı qazanxanaların açılmasına zərurət yaranarsa, əməkdaşlarımız tərəfindən texniki baxış keçirilir və beləliklə, təbii qazın açılması təmin olunur".
Məsələyə münasibət bildirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Fuad Muradov qeyd edib ki, payız-qız mövsümünün noyabrın 15 tarixindən başlanması ilə bağlı qanunvericilikdə ayrıca bənd yoxdur: "1996-cı ildə Nazirlər Kabinetinin 129 saylı qərarı var ki, bu qərarda qış mövsümünə keçidinin başlama müddəti qeyd olunur. Bununla bağlı bizə də çox şikayətlər olur. Soyuqlar hamı bilir ki, təbiət hadisəsidir. Biz də günəşli ölkədə yaşadığımızdan soyuğa öyrənməmişik. Eyni zamanda bu gün dünyada iqlim dəyişikliyi sürətlə gedir. Məsələ o yerə çatıb ki, artıq Paris sazişinə illər öncə qoşulmayan ölkələr belə bu sazişə qoşulur. Təbii ki, Azərbaycan da daxil olmaqla. Ona görə də bu problem mövcuddur. Bizdə “Azəristiliktəchizat" qurumu da var. Həmin quruma o səlahiyyət verilib ki, onlar havaların kəskin soyuduğunu nəzərə alıb həmin tarixi dəyişsinlər. Yəni həmin tarixi geriyə çəksinlər, yaxud uzatsınlar. Hesab edirəm ki, bu məsələdə "Azəristiliktəchizat" daha çevik olmalıdır. Burda ciddi problem görmürəm. Bu, sırf texniki bir məsələdir".
Beləliklə, aidiyyəti qurumları dinlədik. Söylədiklərindən belə çıxır ki, qazımız kəsilməyəcək, evimiz isti və işıqlı olacaq. Təki belə olsun!
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI