Bakıda Türkiyənin Cümhuriyyət Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Bakıda Türkiyə Cümhuriyyətinin elan olunmasının 93-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
APA TV-nin məlumatına görə, qəbul mərasimində Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Bakıda rəsmi qəbulda çıxış etmək onun üçün böyük şərəfdir. Səfir Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təbrik məktubunu oxuyub. Prezident məktubunda bildirib ki, 93 ildən sonra Türkiyə regionun ən güclü dövlətlərdən birinə çevrilib. Ərdoğan mesajında iyulun 15-də baş verən uğursuz dövlət çevrilişi cəhdinə də toxunub: "Türkiyənin dövlətçiliyinə, demokratiyasına qarşı edilən istənilən cəhd uğursuz olacaq".
Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi, baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökuməti və xalqı adından Türkiyə dövlətini və xalqını əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, 93 il bundan əvvəl Türkiyədə parçalanan bir dövlətdən vahid və əzəmətli dövlət yaradılıb. O, Türkiyə Cümhuriyyətinin yaranmasının türk xalqının qəhrəmanlığının və Mustafa Kamal Atatürkün müdrikliyinin sintezi olduğunu vurğulayıb.
Əli Əhmədov iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinə toxunaraq deyib ki, Türkiyə bu hadisələrdən daha da güclü çıxıb: "Bu əlaqələri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi "bir millət, iki dövlət" düsturu ilə xarakterizə etmək olar. Harada Azərbaycan var, orada Türkiyə var, harada Türkiyə var, orada Azərbaycan var".
Baş nazirin müavini iki ölkə arasındakı əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini deyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI