Lənkəranın dağ kəndlərinə gedən yolda sürüşmə baş verib
Uzunmüddətli yağıntılar səbəbindən Lənkəranın dağ kəndlərinə gedən yollarda çökmə və sürüşmələr qeydə alınıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, sürüşmə əsasən rayonun Daşdatük və Biləsər kəndlərinə gedən yolda baş verib.
Dağlardan axan sel sularının gətirdiyi torpaq qatı, lil-lehmə, ağac qırıntıları yola tökülüb, həmçinin yol 3 yerdə sürüşməyə məruz qalıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb. Eni 3 metr olan yol bəzi yerlərdə 1, hətta 2 metrə qədər azalıb. Nəticədə sürücülər təhlükəli manevr etməklə yolu keçmək məcburiyyətində qalırlar.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Möhübbət Babayev sözügedən yolda təmir işlərinin havaların qeyri-sabit keçməsi səbəbindən yubandığını bildirib. Onun sözlərinə görə, 42 saylı rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsinin və ağır texnikasının köməyi ilə problem yaxın bir neçə günə aradan qaldırılacaq. M.Babayev rayonun digər dağlıq ərazilərində, o cümlədən Gəgiran, Bəliton, Günəhir, Moloja, Tüədo və Təngivan kəndlərində də sürüşmə aktivliyinin yaşandığını, bununla bağlı Prezident Administrasiyasına, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə müraciət olunduğunu, rayona mütəxəssislər dəvət edildiyini söyləyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI