Sel suları Göyçay çayının yatağını genişləndirib, əkin sahələri suyun altında qalıb

Göyçay rayonu ərazisindən keçən eyni adlı çay gətirdiyi su ilə bərabər bir çox problemlərə yol açıb, sahilyanı ərazilərdə fəsadlara səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, son günlər yağan güclü yağışlar nəticəsində dağlardan gələn sel suları Göyçay çayında suyun xeyli artmasına səbəb olub.

 

Sel suları Göyçay çayının yatağının genişlənməsinə, sahildəki əkin üçün yararlı torpaqların yuyularaq yarğana çevrilməsinə, eləcə də Bakı-Şamaxı-Yevlax yolunda, Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqlarının kənarındakı torpaq qatının tədricən sel suları tərəfindən yuyulmasına səbəb olub.

 

Rayon sakinləri Vüqar Həşimov və Natiq Vəliyevin sözlərinə görə, çayda suyun artması onlara məxsus meyvə bağlarında və digər əkin sahələrində olan torpaq qatını yumaqla böyük uçqunlar törədir, çay yatağı genişlənərək həyətyanı sahələri zəbt edir. Sakinlərin sözlərinə görə, əvvəllər müəyyən yerlərdə çayın eni 50-60 metr idisə, indi bu ərazi sel sularının dağıdıcı təsiri nəticəsində genişlənərək 1 və 1.5 kilometr məsafəni əhatə edir. Sakinlər deyir ki, əgər çay kənarlarında bəndvurma işləri aparılmasa, Göyçay çayı tədricən yaxın ərazidə olan evlərə də təhlükə yaradacaq. Artıq bir neçə adamın həyətyanı sahəsi sel sularından sonra çay yatağına düşüb, torpaqlar yararsız vəziyyətə gəlib.

 

Göyçay çayının sağ sahilindəki Potu, Ulaşlışıxlı, Çərəkə kəndlərinin, sol sahilindəki Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndlərinin sakinləri tez-tez çayın gətirdiyi sel sularının törətdiyi fəsadlardan əziyyət çəkirlər. Tədricən meyvə ağacları və əkin sahələri olan ərazilər sel suları tərəfindən yuyularaq çay yatağına çevrilir.

 

Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə sakinləri narahat edən bu məsələdən xəbərdardırlar. Artıq bu istiqamətdə problemlərin həlli üçün işlərə başlanılıb.

 

Qeyd edək ki, Göyçay çayı başlanğıcını Böyük Qafqazın cənub yamacından alaraq QəbələİsmayıllıGöyçay və Ucar rayonları ərazisindən keçərək Kürə qovuşur.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR