ABŞ Rəqqaya Türkiyənin istəmədiyi qüvvələrlə hücum edəcək

İŞİD-lə mübarizədə ABŞ komandanlığında hərəkət edən beynəlxalq koalisiya qüvvələrinin amerikalı generalı Stefan Tovnsend yaxın həftələrdə planlaşdırılan Rəqqa əməliyyatında PKK-nın Suriya qanadı PYD-nin də iştirak edəcəyini açıqlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, general bunu Pentaqonda keçirilən bir konfransa videobağlantı ilə qatılaraq söyləyib.

O bildirib ki, bu əməliyyatda iştirak edəcək ən uyğun tərəf məhz PYD/YPG-nin də təmsil olunduğu Demokratik Suriya Qüvvələridir.

Kürd birləşmələri ilə birgə hərəkətin Türkiyə tərəfi ilə müzakirə edildiyini deyən Tovnsend hazırda bu istiqamətdə razılaşma əldə olunmadığını gizlətməyib.

Suriya Demokratik Qüvvələrinin hazırda 30 min döyüşçüyə sahib olduğunu bildirən general kontingentin çox hissəsinin kürdlər, bir hissəsinin ərəblər, az bir hissəsinin isə etniklərdən ibarət olduğunu vurğulayıb.

"Lazımı sayda yerli qüvvələrin Rəqqa əməliyyatında uğur qazanacağına inanıram. Bizim daha çox yerli qüvvəni əməliyyata qatmaq üçün təlimləri davam etdirmək planımız var. Bu qüvvələrdən istifadənin düzgün və yaxşı nəticəyə gətirib çıxarmasına Menbiç nümunədir", - deyə o bildirb.


Türkiyənin bu məsələdə mövqeyinə toxunan general Ankaranın bu plana qarşı çıxdığını deyib və daha çox hansı tərəfin əməliyyata qatılmasına üstünlük verdiklərinə münasibət açıqlayıb.

"Türkiyə bizim PYD/YPG ilə Rəqqaya hücuma başlamağımzı istəmir. Amma reallıq budur ki, Suriyada İŞİD-ə qarşı uğur qazana biləcək tərəf yalnız onların təmsil olunduğu Demokratik Suriya Qüvvələridir. Müzakirələr davam edir".

Rəqqaya hücumun bu yaxınlarda başlayacağını qeyd edən komandan hazır olan tərəflərin bu əməliyyatda iştirak edəcəyini bildirib. Daha sonrakı mərhələ ABŞ və bölgədəki ortağımız Türkiyə tərəfindən müəyyən olunacaq. Hadisələr necə inkişaf edəcək, bunu deyə bilmərəm".

Tovnsend hücumun dəqiq tarixini açıqlamayıb. O, bunu qarşı tərəf üçün sərfəli məlumat adlandırıb.

"Düşmənlərimiz bizi izləyir, tarixi açıqlamaq səhv olar", - deyə o əlavə edib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR