Venesuelada etiraz aksiyaları: müxalifət tətilə hazırlaşır, prezident ittiham edir

Venesuelanın müxtəlif ştatlarında keçirilən etiraz aksiyaları zamanı 40-dək nümayişçi saxlanılıb. APA TV-nin məlumatına görə, nümayişçilərlə asayiş keşikçiləri arasında ciddi toqquşmalar qeydə alınmasa da, bəzi yerlərdə polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Müxalifətin aksiyaları məhkəmələrin prezident Nikolas Maduronun səlahiyyətlərinin dayandırılmasına dair referendumun keçirilməsi üçün imza toplanması prosedurunu dayandırmasından sonra başlayıb.

 

Müxalifətin üstünlük təşkil etdiyi parlament prezidentin ölkə konstitusiyasını pozduğunu bəyan edib və impiçment məsələsini gündəmə gətirib. Baxmayaraq, Venesuelanın əsas qanununda prezidentə etimadsızlıq göstərilməsi hüququ nəzərdə tutulmayıb.

 

Parlamentin sədri Enri Ramos bildirib ki, noyabrın 3-də Milli Assambleya prezidentin vəzifədən kənarlaşdırılması barədə bəyannaməni qəbul edəcək.

 

Venesuelanın müxalif “Demokratik birlik dəyirmi masası” bloku isə elan edib ki, oktyabrın 28-də 12 saatlıq tətil keçiriləcək.

 

Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, müxalifətin etiraz aksiyaları fonunda ölkənin müdafiə şurası fasiləsiz iş rejiminə keçir. O, parlamentin müxalifətçi sədri Enri Ramosu konstitusiyaya sayğısız yanaşmada və dialoqdan imtinada ittiham edib. Nikolas Maduro bəyan edib ki, müxalifət “parlament çevrilişi”nə cəhd edir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR