Azərbaycan və Ermənistan XİN başçıları Hamburqda görüşəcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona son səfərlərinin yekununa dair bəyanat yayıblar.

 

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri və Dağlıq Qarabağın "de-fakto" hakimiyyəti ilə görüşlər keçiriblər.

 

Səfərin məqsədi bu ilin aprel ayında baş verən toqquşmadan sonra vəziyyəti müzakirə etmək, habelə danışıqlar prosesində mövqeləri dəqiqləşdirmək olub.

 

Görüşlərdə tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu təsdiqləyiblər. Həmsədrlər isə qeyd ediblər ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir. Bundan başqa, vasitəçilər Vyana və Sankt-Peterburqda qəbul olunmuş qərarların tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.  

 

Vasitəçilər davamlı sülh naminə danışıqların irəliləməsi üçün işgüzar təklifləri də müzakirə ediblər. Prezidentlər isə nizamlanma prosesinin irəliyə aparılması ilə bağlı öz mövqelərini bildiriblər.   

 

Dövlət başçıları ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılaşmanı bir daha təsdiqləyiblər, bununla bağlı detalların müzakirəsi davam edir.  

 

Bəyanatda bildirilir ki, həmsədrlər ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, ilk fürsətdə prezidentlərin görüşünün təşkil olunması məsələsini müzakirə edəcəklər.  

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR