Bakıda özbək tarixçisinin erməni yalanlarını sübut edən 2 kitabı təqdim edildi

Prezident kitabxanasında Özbəkistan tarixçisi Şuxrat Salamovun (Barlas) "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. "Daşnaklar: Fərqanədən Qarabağadək" və "Qarabağ: ideyalar müharibəsi" kitablarının təqdimatı olub. APA TV-nin məlumatına görə, Prezident kitabxanasının direktoru Mayıl Əhmədov Ş. Salamovun kitablarında mühüm faktların yer aldığını qeyd edib.  Direktor əlavə edib ki, rəhbərlik etdiyi kitabxananın kollektivi Ş. Salamovun aparacağı tədqiqat işlərində köməklik etməyə hazırdır.

 

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, Ş. Salamovun tədqiqatları tarixi faktların üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir.

 

Y. Mahmudov bildirib ki, "Qarabağ: ideyalar müharibəsi" kitabında təkzibolunmaz və çox saylı arxiv sübutları yer alıb.

 

Yaqub Mahmudov gələn ilin mart-aprel aylarında IV soyqırım konfransının keçiriləcəyinə də diqqət çəkib.

 

Müəllif Şuxrat Salamov bildirib ki, kitablar 20-25 il müddətində yazılıb. Nəşrlərdə Ermənistan-Azərbaycan münaqişəsindən bəhs olunur. O, bu mövzunu ötən əsrin 80- ci illərinin sonundan etibarən araşdırmağa başlayıb:

“Tədqiqatlar Özbəkistan, Türkiyə, eləcə də Azərbaycanda Strateji Araşdırmalar Mərkəzində, Prezident Kitabxanasında, bəzi arxiv materialları, Tarix İnstitutunun köməyi ilə bəzi sənədlər təqdim edildi.  Onlar üzərində çalışdım. Birinci kitabım 2015-ci ildə Özbəkistanda, ikinci kitab Gürcüstanda, Tiflisdə çıxdı”.

 

Kitablar rus dilində nəşr olunub. Yeni nəşrlərin türk, özbək, hətta qazax dillərinə çevrilməsi nəzərdə tutulur. Tədbirdə Ş. Salamova Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR