Xorvatiya prezidenti: "Çox şadam ki, Azərbaycan millisinin baş məşqçisi xorvatdır"

Azərbaycana rəsmi səfərə gələn Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.

 

APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşılayıb. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

 

Prezident İlham Əliyev və prezident Kolinda Qrabar-Kitaroviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Xorvatiya prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim edilib.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

 

Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdiriblər.

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

 

Görüşdə Xorvatiya prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb. Dövlət başçısı bu ilin əvvəlində Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırladıb, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

 

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya prezidenti səfər çərçivəsində keçiriləcək biznes forumun önəmini vurğulayıb. Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd edib.

 

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.

 

"Xorvatiya prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir" deyən Azərbaycan prezidenti qeyd edib ki, enerji sahəsində əməkdaşlıq olduqca böyük əhəmiyyət kəsb edir: "Biz cədvəl üzrə icra edilməkdə olan “Cənub” Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı var və biz bu istiqamətdə və bütün digər sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir sıra sahələrdə çox yaxın tərəfdaşlıq əlaqələri qurublar. Biz xüsusilə ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahələrində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki qeyd etdiyim kimi, siyasi əlaqələr çox yaxşıdır və Sizin səfərinizdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha bir mühüm addım olacaq".

 

Səmimi qarşılanmaya görə təşəkkür edən Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüşüb: “Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var. Sizin 2013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var. Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur”.

 

Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

 

Sonda Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR