İmamzadədən maşın qaçıran şəxsin narkotik becərən şəriki də tutuldu: "Əkirəm də, çəkirəm də"
Gəncədə Aşura günü İmamzadə ziyarətgahından avtomobil oğurlayan şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, oktyabrın 12-də Goranboy rayon sakini İlkin Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ21011” markalı avtomobilin İmamzadə ziyarətgahı yaxınlığında oğurlandığını bildirib.
O, ailə üzvləri ilə birlikdə ziyarətgaha gələrək avtomobili dayanacaqda park edib. 2 saatdan sonra maşınını yerində tapmayıb. Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı avtomobili şəhərin Natəvan qəsəbə sakini 31 yaşlı Mehman Həsənovun oğurladığı məlum olub. O avtomobili yaşadığı evin həyətinə apararaq hissələrə bölüb, bir hissəsini satıb, bir qismini isə qonşusu Anar Həsənovun həyətində saxlayıb.
Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Razim Yadigarlı saxlanılan şəxslərin həyətindən çətənə kolları aşkarlandığını bildirib: "Saxlanılan şəxslərin yaşadıqları Natəvan qəsəbəsində evlərinə baxış keçirilən zaman həmin nəqliyyat vasitəsinin hissələrə bölünmüş vəziyyətdə detalları həyətdə aşkarlanıb. Mehman Həsənovun və Anar Həsənovun yaşadığı ünvanda həyətyanı sahələrdə aqrotexniki qaydada qulluq olunmuş narkotik vasitə olan marixuana kolları aşkar olunaraq götürülüb".
Saxlanılan Mehman Həsənov Aşura mərasiminə avtomobil qaçırmaq məqsədilə gəlmədiyini bildirib. Avtomobilin qapısı açıq olduğundan oturaraq maşını aparıb. Saxlanılan şəxs çətənə kollarını öz istifadəsi üçün becərdiyini deyib: "Həyətimdə özüm üçün əkmişdim. Başım qarışıq oldu, kollar necə inkişaf edib, heç özümün də xəbərim yoxdur. Etiraf edirəm ki, özüm üçün əkmişəm. Aliment ödəyə bilmədiyim üçün bu addımı atmışam".
Anar Həsənov isə oğurlanan avtomobilin ehtiyat hissələrinin Mehmana məxsus olduğunu, yalnız saxlanılması üçün onun həyətində qoyduğunu bildirib. Narkotik vasitələri əkib becərməsinə gəlincə, saxlanılan şəxs bunu satış məqsədilə etmədiyini, öz istifadəsi üçün becərdiyini deyib: "Dedi almışam, maşını gətirdi, qapıma qoydu, çıxdı getdi, başqa mən heç nə bilmirəm. Narkotiki də özüm əkirəm, özüm də çəkirəm. 20 ildir tutulmuram özüm üçün çəkirəm".
Məlumata görə, saxlanılan Mehman Həsənov əvvəllər oğurluq, Anar Həsənov isə narkotik vasitələrin qanunsuz saxlanılmasına görə məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI