Azərbaycanla Venesuela arasında sənədlərin imzalanma mərasimi keçirilib

Azərbaycan və Venesuela prezidentlərinin təkbətək görüşü olub. Prezident İlham Əliyev Venesuela prezidentinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına yol açacağını deyib. O, bunun hər iki ölkənin regionları üçün əhəmiyyətli olduğunu bildirib.

Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Venesuela Prezidentinə məlumat verib. Dövlət başçısı münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan prezidenti İlham Əliyev və Venesuela prezidenti Nikolas Maduro imzalayıblar.

Daha sonra iki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması və diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sənədlər imzalanıb. Sənədləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR