Amerikalı həmsədr: "Prezidentlərinin görüşünün yeri və tarixi müzakirə olunur"
“Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”. APA TV-nin məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.
O, həmçinin prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin davamlı həlli üçün yaxşı imkanların yarandığını bildirib.
"Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”.
C. Uorlik xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri NATO toplantısı çərçivəsində tərəflərlə görüşüb və müzakirələr aparıb:
“Münaqişə tərəfləri məsələnin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində öhdəliklərini nümayiş etdirməlidirlər. Mən şəxsən Azərbaycan prezidenti ilham Əliyevlə danışmışam və o bildirib ki, danışıqlar prosesinə və münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə sadiqdir. O, gələcəkdə də görüşməyə və masa üzərində olan təkliflərə baxmağa hazırdır. Vyana və Sankt-Peterburq görüşlərində də prezidentlər öz öhdəliklərini nümayiş etdiriblər. Müzakirə predmeti olan maraqlı ideyalar var. Biz bu ideyaları müzakirə etməyə hazırıq və müzakirə edəcəyik. Eyni zamanda, prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik. Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sərkisyanla görüşməyə hazırdır”.
Həmsədrin sözlərinə görə, həm Bakıda, həm də İrəvanda prezidentlərin növbəti görüşünün yeri və vaxtının müəyyənləşdirilməsi barədə müzakirə aparılacaq.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?