İŞİD Mosulda 300 sakini edam etdi

İŞİD Mosulda kütləvi edamlar edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçular 300 sakini qətlə yetirib.

Mosul sakinləri cümə günü şəhərin cənub məhəllələrində güllələnib. Onların arasında qadınlar və uşaqlar çoxdur. Güllələnən adamları ekskavatorların qazdığı böyük çuxurlarda basdırıblar.

Həmin insanlar İŞİD-in müdafiə məqsədilə "canlı qalxan" kimi istifadə etmək istədiyi sakinlərdir. Onlar buna etiraz ediblər.

BMT-dən baş verən hadisəyə münasibət açıqlanıb: "Biz çox narahatıq. Terrorçuların bu qorxunc addımı dəhşətlidir. Onlar dinc sakinləri "canlı sipər" olaraq istifadə edir. Bizdə olan məlumata görə, koalisiya qüvvələrinin hücum planına daxil olan və ilk hava zərbələrinin hədəfi seçilən terrorçuların qərargah kimi istifadə etdiyi binalar da mülki əhali ilə doldurulub. Bundan əlavə terrorçuların ətraf kəndlərdən və Samali qəsəbəsindən 200, eləcə də Nəcəfdən 350 ailəni Mosula qaçırıb. Onlar bütün variantlara əl atır ki, sakinlər Mosulu tərk etməsin", - deyə, qurumun mətbuat katibliyinin rəhbəri Ravin Şamdasini qeyd edib.

Xatırladaq ki, Mosul əməliyyatı oktyabrın 17-də başlanıb. Əməliyyatda İraq ordusu ilə bərabər peşmərgə qüvvələri də iştirak edir. Onlara beynəlxalq koalisiya qüvvələri dəstək verir. 1 milyon əhalisi olan Mosul İraqın ikinci böyük şəhəridir və iki ildir ki, İŞİD-in nəzarətindədir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR