Zərdabda mal-qara oğruları tutuldu: “Şeytan ağlımızı aldı”

Zərdabda mal-qara oğruları tutulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Məlikmudlu kənd sakini Vəzir Novruzov oktyabrın 14-də kənd ərazisində yerləşən otlaq sahəsindən ona məxsus 6 baş iri buynuzlu heyvanını oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayonunun Şordəhnə kənd sakini Bərşad Bəhmən oğlu Məcidov və həmin rayonun Qulbəndə kəndində məskunlaşmış məcburi köçkün Sənan Bəylər oğlu Şükürov tutulublar.

 

İlkin dindirmə zamanı oğrular mal-qaranı  Ağdaş rayonun da yerləşən mal bazarında satdıqlarını etiraf ediblər. 

 

Bərşad Məcidov, saxlanılan şəxs: “İkimiz bir məxrəcə gəldik. Şeytan ağlımızı aldı. Mal-qaranı apardıq Ağdaşın mal bazarına. Həmin gün 1800 manata satdıq”.

 

Zərdab Rayon Polis Şöbəsində faktla bağlı  araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR