"Qarabağ geyimləri" kitab-kataloqunun təqdimatı keçirildi
Bu gün Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun "Şuşa qrantı" əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqunun təqdimatı keçirilib.
APA TV-nin xəbərinə görə, tədbir "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutub.
Fəzail Vəliyev və Gülzadə Abdulovanın müəllifi olduğu kitab-kataloqda ilk dəfə çöl-etnoqrafik materiallar, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb.
Tədbirdə çıxış edən "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov münaqişənin tarixindən söz açıb, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı törədildiyini, torpaqlarımızın işğal edildiyini bildirib. Bayram Səfərov mədəni irsimizə sahib çıxmağımızın vacib olduğunu bildirib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə "Şuşa qrantı" əsasında nəşr olunmuş "Qarabağ geyimləri" kitab-kataloqunun əhəmiyyətindən söz açıb, gələcəkdə də bu yöndə layihələri dəstəkləyəcəklərini nəzərə çatdırıb: "Kitab kataloq çox nəfis şəkildə tərtib olunub. İlk dəfə olaraq həm qadın həm kişi, həm də uşaq, geyimləri burada toplanıb. Yüksək poliqrafik keyfiyyətlə çap olunub. Kitabın oxucularının sayının çox olması üçün onun içərisində həm ingilis, həm də rus dillərində məlumat gedib. Gələcəkdə bu kitabı daha da təkmilləşdirmək üçün bir neçə dillərdə tərcümə etmək imkanı da olacaq".
Müəlliflər Fəzail Vəliyev və Gülzadə Abdulova kitab-kataloq barədə geniş məlumat veriblər.
Tədbirdə Qarabağ geyimləri də nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?